16 Aprel 2015 14:17
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyasının bu il keçiriləcək parlament seçkiləri ilə bağlı qəbul etdiyi təlimat ətrafında mübahisə səngimək bilmir. Müsavat Məclisinin aprelin 4-də keçirilən toplantısında qəbul edilən təlimata əsasən, partiya adından deputatlığa namizəd olmaq istəyən şəxslər başqana ərizə yazaraq partiya Nizamnaməsinə tabe olacaqları və fəaliyyətlərini rəhbər strukturlarla razılaşdıracaqları haqda öhdəlik götürməlidirlər.

Lakin başqanlığa keçmiş namizəd, Müsavatdan çıxarılan Qubad İbadoğlunun sədri olduğu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatında təmsil olunan müsavatçılar bu təlimatı Nizamnaməyə zidd sayır.

Müsavatın Məclis üzvü, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Ali Məclisinin katibi Arifə Hüseynli hesab edir ki, Müsavat Partiyasının 2014-ci ilin sentyabrında keçirilən VIII Qurultayında qəbul olunmuş Nizamnaməsi var və bütün addımlar Nizamnaməyə uyğun atılmalıdır.

O, Suraxanı rayon təşkilatının Şura iclasının parlament seçkilərilə bağlı qəbul etdiyi qərarın Müsavat Mərkəzi Nəzarət-Təftiş Komissiyası tərəfindən ləğvinə də münasibətini bildirib. Onun sözlərinə görə, Müsavatda rayon təşkilatları öz Şura iclaslarını hər ay keçirir: “Keçən iclas martın 27-də olub. Aprel ayında keçiriləcək növbəti Şura iclasında təşkilati məsələlərə baxarkən, parlament seçkilərinə namizədlərin yenidən sürülməsi məsələsinə də baxıla bilər. Amma yenə də eyni şəxslərin namizədliyini irəli sürəcəyik. Başqa Şura üzvləri də öz namizədini və namizədliyini irəli sürə bilər. Amma son qərar səsvermədən asılı olacaq”.

A.Hüseynli seçkilərdə namizəd olmayacağını açıqlayıb: “Müsavat Partiyası Suraxanı rayon təşkilatı öz ərazisini əhatə edən dairələrdən namizədlərini müəyyən edib. O iclasda mən öz namizədliyimi irəli sürmədim, mənim namizədliyimi də irəli sürmək istəyənlərə təşəkkürümü bildirdim. Seçki kampaniyası dövrü vəziyyət necə olacaq, şərtlər nəyi deyəcəksə, o zaman bu barədə düşünmək lazım olsa, qərarıma yenidən baxa bilərəm. Amma namizədliyi irəli sürülən dostlarımıza bütün gücümlə kömək edəcəyəm”.

“ABŞ Qubad İbadoğlunun Müsavatdan çıxarılma səbəbi ilə bağlı Müsavata müraciət edibmi” sualını A.Hüseynli belə cavablandırıb: “Müsavatdan çıxarılma səbəbini ABŞ-da keçirdiyi görüşlərdə Qubad İbadoğludan soruşublar. Müsavat Partiyasına heç bir sorğu göndərilməyib. Müsavat Partiyası iqtidar deyil ki, ona sorğu göndərilsin və ya nəsə tələb edilsin. Ancaq Müsavat Partiyasında verilən qərarlarla dəyərləndirmələr aparılır və imic məsələsi gündəmə gəlir. Amma buna baxmayaraq, Müsavat rəhbərliyi münasibət bildirməli idi. Mən belə düşünürəm”.

NƏRGİZ


Müəllif:

Oxşar xəbərlər