17 Aprel 2015 14:52
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 17-də Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib. İclasda “Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə edilib.

Sözügedən komitənin sədr müavini Eldar Quliyev qanun layihəsi barədə məlumat verib. Bildirilib ki, bu qanun layihəsi ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün həyata keçirilən aqrar siyasətin tərkib hissəsi olan kənd təsərrüfatı informasiya-məsləhət xidmətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir, kənd təsərrüfatı informasiya-məsləhət xidməti subyektləri ilə məhsul istehsalçıları, dövlət və yerli özünüidarə orqanları, digər fiziki və hüquqi şəxslər arasında yaranan münasibətləri tənzimləyir.

Qeyd edilib ki, qanun layihəsinin məqsədi kənd təsərrüfatı məhsulu istehsalçılarına və kənd əhalisinə aqrar sahədə bilik səviyyəsinin artırılması, rəqabət qabiliyyətli məhsul istehsalı və kənd təsərrüfatının gəlirlə işləməsini təmin edən vərdişlərin öyrədilməsi və daim təkmilləşdirilməsi, yeni texnika və innovasiyalı texnologiyaların tətbiqi, dövlətin aqrar siyasətinin həyata keçirilməsi, habelə kənd ərazilərinin inkişafının təmin edilməsi, yoxsulluğun aradan qaldırılması üçün təsirli vasitə olan kənd təsərrüfatı informasiya-məsləhət xidməti sisteminin formalaşdırılması və genişləndirilməsinə nail olmaqdır.

Eldar Quliyev ərzaq təhlükəsizliyi baxımından kənd təsərrüfatında informasiya-məsləhət xidmətinin tətbiqinə böyük ehtiyac duyulduğunu diqqətə çatdırıb. Əlavə edib ki, qanun layihəsinə birinci oxunuşdan sonra 8 yeni maddə əlavə edilməklə daha da təkmilləşdirilib. Sənədə həmçinin regional xidmət mərkəslərin yaradılmasını təmin edəcək müddəa əlavə edilib. Sahibkarlara informasiya xidməti göstərəcək hüquqi şəxslər müvafiq akkreditasiyadan keçməklə eyni hüquqa malik olacaqlar. Millət vəkili Novruz Aslanov qeyd edib ki, qanunda informasiya təminatının maliyyə tutumu dəqiq göstərilməlidir. Əks halda imkanı zəif olan sahibkarlar bu xidmətdən yararlana bilməyəcəklər. İclasda çıxış edən Milli Məclisin deputatları, müvafiq hökumət qurumlarının nümayəndələri sənədin əhəmiyyətindən danışaraq bildiriblər ki, bu qanunun qəbul edilməsi ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsinə, kənd əhalisinin sosial rifahının yüksəldilməsinə, ümumiyyətlə kənd təsərrüfatının inkişafına töhfəsini verəcək. Bildirildi ki, belə bir qanunun qəbul edilməsilə uzaq kənd rayonunda fəaliyyət göstərən xırda sahibkar belə istehsala yeni innovasiyaları tətbiq edə biləcək. Çünki qanun elmlə istehsalın vəhdətini təmin edir. Bu isə istehsalçılar arasında rəqabət mühiti yaratmaqla ixrac potensialını artıracaq. Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Nemət


Müəllif: