25 Aprel 2015 17:18
1 501
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun Arif Yunus, Leyla Yunus və Xədicə İsmayılın əfv olunması ilə bağlı Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya müraciət etməsi xəbəri yalandır”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun katibi, hüquq müdafiəçisi Sahib Məmmədov deyib.

Onun sözlərinə görə, dünən İşçi Qrupun iclası olmayıb, sadəcə Qrupda təmsil olunan 5 hüquq müdafiəçisi bir araya gəlib: “Bu, İşçi Qrupun iclası deyildi. Bütün tərəflər - həm hökumət, həm də hüquq müdafiəçiləri iştirak edərsə, İşçi Qrupun iclası sayıla bilər. İşçi Qrupa daxil olan 5 nəfər hüquq müdafiəçisi toplaşıb. İclasda müzakirə olunmayan məsələlərlə bağlı hüquq müdafiəçisi Arzu Abdullayeva mediaya dezinformasiya ötürüb, mətbuat da onun dediklərini tirajlayıb. O deyib ki, Arif Yunusun, Leyla Yunusun, Xədicə İsmayılın əfv olunması xahiş edilib. Bu, hüquqla mümkün deyil. Çünki bu insanlar barədə məhkəmənin qərarı yoxdur. Şəxsin cinayətdə iştirakı sübut olunandan sonra o, əfv oluna bilər. Onların cinayətkar olması isə məhkəmə ilə sübut edilməyib. Bu şəxslərlə bağlı əfv müraciəti təqsirsizlik prezumpsiyası hüququnu pozur. Prezidentin onları əfv etmək səlahiyyəti yoxdur. Çünki prezident yalnız barəsində məhkəmənin qüvvəyə minmiş hökmü olan şəxsləri əfv edə bilər. Artıq bir neçə dəfədir Arzu xanım bizim adımızdan belə dezinformasiyalar yayır. Deyib ki, müraciəti 11 nəfər edib. Halbuki tədbirdə 5 hüquq müdafiəçisi qatılıb. Onlar da barəsində məhkəmənin hökmü olmayan şəxslələrə bağlı əfv xahişi etməyiblər”.

S.Məmmədov qeyd edib ki, görüşdə hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənanyarlı, Arzu Abdullayeva və Eldar Zeynalov iştirak edib: "Müzakirədə Tofiq Yaqublu ilə bağlı vəsatətin verilməsi məsələsi müzakirə edilib. Xahiş olunub ki, başına gələn faciə ilə əlaqədar prezident onu əfv etsin. Bildiyimə görə Arzu xanımın fikirlərinə görə Eldar Zeynalov da etiraz edib”.

Qeyd edək ki, hüquq müdafiəçisi Arzu Abdullayeva dünən İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun toplantısının olduğunu deyib . O söyləyib ki, toplantıda İşçi Qrupda təmsil olunan 11 QHT-nin rəhbəri iştirak edib. A.Abdullayeva deyib ki, iclasda Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya mayın sonunda əfvlə bağlı müraciət olunub. Müraciətdə NİDA hərəkatının üzvlərinin, Əli İnsanovun, İlqar Məmmədovun, Arif Yunusun, Leyla Yunusun, Rəsul Cəfərovun, İntiqam Əliyevin, Hilal Məmmədovun, Xədicə İsmayılın və digərlərinin əfv olunması xahiş edilib. Əlavə edib ki, daha bir müraciət Tofiq Yaqublunun əfv ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə ünvanlanıb.


Müəllif:

Oxşar xəbərlər