Araz Əlizadə: "Birinci Avropa Oyunları daim tarixdə qalacaq"
Fuad Əliyev: "Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq baxımından gözəl fürsətdir"
Bakıda keçiriləcək I Avropa Yay Oyunlarına siyasi partiyaların dəstəyi davam edir.
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib ki, I Avropa Oyunlarının keçirilməsi mühüm hadisədir. Onun fikrincə, bu Oyunlar Azərbaycanın tanıdılması baxımından lazımlı tədbirdir: "Azərbaycanda I Avropa Oyunlarının keçirilməsinə müsbət yanaşırıq. Bu tədbirdən qazanc əldə edəcəyik. Məsələn, uzun illərdir ermənilər dünyada əleyhimizə kampaniya aparıb. Bildiyiniz kimi, bundan əvvəl də bizdə beynəlxalq tədbirlər keçirilib. Həm idmanla, həm də musiqi ilə bağlı tədbirlər onu göstərir ki, ermənilərin apardığı kampaniya böhtandan başqa bir şey deyil. Əksinə, bu cür mühüm tədbirlərin Bakıda keçirilməsi göstərir ki, biz sivil xalqıq və dövlətimizdə başqa millətlər rahat yaşamaq imkanına sahibdir. Bu məsələdə iqtidar və müxalifət birləşməli, birgə iş aparmalıdır. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında hər kəs bir yerdə olmalıdır. Mən iştirak etdiyim beynəlxalq tədbirlərdə çalışıram ki, həqiqətləri diqqətə çatdırım, ermənilərin bizə qarşı apardığı çirkin kampaniyanın qarşısını almaq üçün faktları ortaya qoyum. Hesab edirəm ki, informasiya blokadasını sındırmaq, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq baxımından Avropa Oyunları gözəl fürsət, mühüm hadisədir".
Partiya sədri onu da qeyd edib ki, son 3-5 ildə dünyada "Avroviziya" kimi mahnı müsabiqəsi, eləcə də, beynəlxalq idman yarışları daha çox siyasiləşdirilir. Onun fikrincə, bu heç də yaxşı əlamət deyil: "Bundan qabaq "Avroviziya" mahnı müsabiqəsi siyasi yarışmaya çevrildi. Orada bəzən musiqiyə simpatiya bəsləyən ölkələr yaxşı musiqi ifa edənə deyil, siyasi baxımdan özlərinə yaxın olan ölkələrə səs verirlər. Son illər bu, qabarıq özünü göstərir. Bu proses artıq idmana da keçib. Təəssüflər olsun ki, idmana da siyasi don geyindirməyə çalışırlar. Bu kimi hallara qarşı da mübarizə aparmaq lazımdır. Biz Azərbaycanın tolerant olduğunu, qədim mədəniyyətə söykəndiyini göstərməliyik. Həm də ortaya qoymalıyıq ki, biz idman yarışlarının siyasiləşdirilməsindən çox uzağıq. Doğrudan da, bu yarışmada siyasətə görə deyil, idmana görə iştirak etməyimizi ortaya qoymalıyıq. Həm də çalışmalıyıq ki, Avropa Oyunlarında Azərbaycan həqiqətlərini dünyaya çatdıra, bizimlə bağlı formalaşdırılan yalan obrazı dağıda bilək. Bu baxımdan, I Avropa Oyunlarına münasibətimiz müsbətdir".
Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə də I Avropa Yay Oyunları ilə bağlı mövqeyini açıqlayıb: "Bu oyunlar olduqca əhəmiyyətlidir. Birincisi, Avropa Oyunları Azərbaycanın beynəlxalq aləmdə imicini möhkəmləndirəcək. Çünki hər ölkənin belə mötəbər idman oyunu keçirmək imkanı yoxdur. İkincisi, bu, ilk Avropa Oyunlarıdır. Deməli, tarixdə daim qalacaq. Oyunlar qısa müddətdə həyata keçirilməli olduğundan heç bir dövlət bu yükün altına girə bilmədi. Azərbaycan isə bunu üzərinə götürdü və öhdəsindən də gəlib. Üçüncüsü, Avropa Oyunları Olimpiya Oyunlarının keçirilməsi üçün tramplin rolunu oynayır. Xatırladım ki, Azərbaycan 2020-ci il Olimpiya Oyunlarının keçirilməsinə öz namizədliyini irəli sürmüşdü. Həmin vaxt bizə yeganə irad kimi onu tutdular ki, Azərbaycanın belə böyük yarış keçirmək təcrübəsi yoxdur. İndi Azərbaycan bu təcrübəni əldə etdi və deməli, böyük olimpiya oyunlarını keçirə bilər. Əgər Azərbaycan Olimpiya Oyunlarını götürsə, deməli, daha heç bir infrastruktur yaratmaq lazım olmayacaq, çünki artıq hazırlanıb".
ASDP sədri əlavə edib ki, əslində, bu yarışlar Azərbaycanda turizmin, idmanın inkişafına müsbət təsir edəcək: "Bundan başqa, indiyə qədər bizim normal üzgüçülük zalımız, gimnastika kompleksimiz, normal stadionumuz yox idi. İndi bütün bunlar tikilib və xalqımıza qalacaq. Gün gələcək ki, bizim balalarımız geniş miqyasda idmanla məşğul olacaq, dünyanın tanınmış idmançıları kimi yetişəcək. Bu məsələnin Qarabağ probleminə də müsbət təsiri olacaq. Bura gələnlər görəcək ki, azərbaycanlılar sivil, mədəni insanlardır. Bu mənada Avropa Yay Oyunları xüsusi əhəmiyyət kəsb edir və biz hər birimiz bu oyunlara rəğbətlə yanaşmalıyıq".
CAVİDAN