Azərbaycanın Lüksemburq Böyük Hersoqluğundakı səfiri Fuad İsgəndərov Lüksemburq parlamentinin sədri Mars Di Bartolomeo ilə görüşüb.
Səfirlikdən Teleqraf.com-a verilən məlumata görə, mayın 4-də baş tutan görüşdə F.İsgəndərov Azərbaycanın Lüksemburqla hərtərəfli münasibətlərin intensivləşməsində maraqlı olduğunu diqqətə çatdıraraq, qarşılıqlı səfərlərin parlamentlərarası münasibətlərə təkan verəcəyinə əminliyini bildirib.
Səfir Lüksemburq parlamenti sədrinin Azərbaycanda və regionda baş verən proseslərlə bağlı suallarına cavab olaraq, Azərbaycanın qonşu ölkələrlə münasibətləri, regionda Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji və infrastruktur layihələri, bölgədə yeni təhdidlər və çağırışlar, o cümlədən, Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verib.
M.Bartolomeo isə Azərbaycanda və regionda baş verən hadisələri yaxından izlədiyini, mövcud potensialı nəzərə alaraq, Lüksemburq Hersoqluğu ilə Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdiriləcəyinə ümidvar olduğunu vurğulayıb.
Səxavət