2 İyun 2015 17:21
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qüdrət Həsənquliyev: “ATƏT sədrindən xahiş etdim ki, sualıma konkret formada cavab versin”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentdə təmsil olunan partiya sədrləri ilə görüşən ATƏT sədri, Serbiyanın XİN başçısı İvitsa Daçiçə etdiyi riyakarlığa görə ona öz hərəkəti ilə haqq etdiyi cavabı verib:

“Görüş zamanı ona sual verdim ki, BMT Nizamnaməsinin ikinci maddəsinin dördüncü bəndinə görə heç bir dövlətin ərazi bütövlüyü zorla dəyişdirilə bilməz, heç bir dövlət siyasi müstəqilliyinə görə də təhdid oluna bilməz. Dövlətlərin sərhədləri yalnız həmin dövlətlərin razılığı ilə dəyişdirilə bilər. Azərbaycan da dəfələrlə bəyan edib ki, o öz ərazisində ikinci bir erməni dövlətinin yaranmasına imkan verməyəcək və öz ərazi bütövlüyünü qoruyacaq, öz ərazisindən kiməsə bir qarış da güzəştə getməyəcək. Belə olduğu halda siz ATƏT-in sədri olaraq Azərbaycanın birmənalı mövqeyi ortada ola-ola Bakıda bəyanat verə bilərsinizmi ki, bu problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır? Ondan xahiş etdim ki, sualıma konkret formada cavab versin. Ona görə ki, Qarabağ münaqişəsi Qərblə Rusiyanın maraqlarının üst-üstə düşdüyü yeganə münaqişə ocağıdır. Minsk Qrupunun həmsdərləri olan Fransa və ABŞ-da güclü erməni lobbisi var, ona görə də həmin ölkələrin siyasi hakimiyyətləri ermənilərin xoşuna gəlmək üçün mütəmadi olaraq beynəlxalq hüquqa çox sayğısız münasibət nümayiş etdirirlər, Rusiya da hər iki ölkəni öz təsir zonasında saxlamaq üçün bu münaqişənin həllində maraqlı deyil. Mən bilirəm ki, beynəlxalq təşkilatlar bu problemi həll etmək gücündə deyil. Amma siz indiyə qədər gəlib-gedən ATƏT sədrlərindən fərqli olaraq konkret bir mövqe ortaya qoya bilərsinizmi ki, bu problem Azərbaycanın ərazi bütövlüyü çərçivəısində həll olunmaılıdır? O da cavabında başladı ki, tərəflər siyasi iradə nümayiş etdirməlidir. Mən elə bu cümlədən sonra artıq başa düşdüm ki, bu da elə o birilər kimi eyni havanı oynayacaq. Ona görə də elə o danışa-danışa qalxdım ayağa, nümayişkaranə şəkildə arxamı çevirərək auditoriyanı tərk etdim. Bununla göstərmək istədim ki, bu adamların gəlib burda bizə nağıl danışmasına ehtiyac yoxdur”.

Cavidan


Müəllif: