Keçmiş DAK-çı güneylilərin bu qurumdan uzaq durması üçün çalışıb
Dünya Azərbaycanlıları Konqresi (DAK) keçmiş üzvü Əjdər Tağızadə ilə bağlı bəyanat yayıb. DAK-dan Teleqraf.com-a təqdim edilən bəyanatda vurğulanır ki, keçmiş DAK yetkilisi Əjdər Tağızadə yenə də böhtan maşını işə salaraq təşkilat və təşkilat üzvləri, həmsədləri, o cümlədən Sabir Rüstəmxanlı və onun həyat yoldaşı Tənzilə Rüstəmxanlı haqqında tam mahiyyətinə uyğun müsahibələr verir:
“İnsan şəxsiyyətinin alçaldılması və təhqir olunması maddəsi ilə cinayət işi açıla biləcək qədər cinayət tərkibli bu fikirlərin müəllifi Əjdər Tağızadə illərlə içində olduğu proseslərə kənarda imiş kimi münasibət bildirərkən görünür ki, iştirakçısı və ittihamçısı olduğu təşkilatda öz payını, fərd olaraq daşımış olduğu hüquqi statusunu unudub. Belə ki, müsahibə boyu iki dəfə təkrarən Azərbaycan Diaspor Komitəsinə müraciət edərək pul istədiyini bildirən keçmiş DAK Daimi Şurasının sədri məhz bu cümlələri ilə özünün əleyhinə müəyyən faktlar vermiş olur. Belə ki, Konqresin Nizamnaməsinə əsasən, təşkilatın maliyyə məsələləri Daima Şura sədri tərəfindən deyil, DAK həmsədrlərinin nəzarətində olan bank hesabı ilə nizamlanır. Adıçəkilən quruma maliyyə dəstəyi ilə bağlı yalnız həmsədrlərin birgə razılığı olduğu halda müraciət edilə bilər. Müsahibədə işlətdiyi cümlələrdə Əjdər Tağızadə əməlləri ilə vəzifəsi arasındakı bu təzadı fərqində olmadan öz dili ilə etiraf edir və birmənalı olaraq bu təşkilata müəyyən qüvvələr tərəfindən hansısa maraqlar üçün ezam olunduğu təəssüratını yaradır”.
Bəyanatda qeyd olunur ki, DAK-ın İstanbulda keçirilmiş XIII Qurultayında öz istəyi əsasında könüllü istefa verən keçmiş DAK yetkilisi təəssüf ki, uzun müddət bu təxribatçı fəaliyyətini pərdələməyi bacarıb, lakin illərlə onu yaxından tanıyan güneyli soydaşlarımızın və mühüm simaların təşkilatdan uzaq qalmasına səbəb olub. O, istefa verməsinə baxmayaraq, bu gün də bədnam fəaliyyətindən qalmır, birləşmədən sonra yeni müsbət fəaliyyət yönümü ilə yola çıxmış təşkilata anti-Azərbaycan qüvvələrin dəstəyi ilə zərbə vurmağa çalışır. Əslində, bu təxribatların hədəfi yalnız ayrı-ayrı şəxsləri gözdən salmaq deyil, birləşmədən sonra fəaliyyətində millət və dövlət maraqlarının ifadəsi baxımından müsbət dönüşə nail olan Dünya Azərbaycanlıları Konresini yenidən parçalamaq və fəaliyyətsiz duruma salmaqdır”.
Cavidan