4 İyul 2015 19:22
885
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aqil Camal: “Oruc tutan uyğurların evləri nəzarətə götürülür”

Elşad Miri: "Uyğurların birləşməsinin qarşısını almaq üçün belə üsullara əl atırlar”

Çində uyğur türklərinə qarşı baş verənlər medianın güdəmindən düşmür. Amma maraqlıdır ki, mediada, eləcə də, sosial şəbəkələrdə uyğurlara qarşı diskriminasiyanın, dini dözümsüzlüyün olduğunu deyənlər də, bunun əksini söyləyənlər də var.

Belə bir ziddiyətli məqamların olması haqlı olaraq, sual doğurur ki, əslində nə baş verir?

Bir neçə gün öncə uyğur türklərinə qarşı ayrı-seçkiliklə bağlı Çinin Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Səbəb kimi isə Çinin Ramazan ayı ilə əlaqədar bəzi məhdudiyyətlər qoyması və oruc tutan uyğur türklərinin təqiblərə məruz qalması olub. Buna görə də Türkiyə XİN Çin səfirini çağıraraq vəziyyətlə bağlı narahatlığını bildirib.

Məsələyə münasibət bildirən ilahiyyatçı Elşad Miri deyib ki, vaxtilə uyğur türkü olan müəllimi bu gün Çində baş verənləri təsdiq edib: “Çünki Çində internetin dünya şəbəkəsinə çıxışı yoxdur və belə məlumatlar yayılan kimi, ona alternativ olaraq, hər şeyin yaxşı olması ilə bağlı informasiyalar yayılır. Müəllimimiz qeyd edirdi ki, vaxtilə bizə oruc tutmağa imkan vermirdilər, evlərimizin altında zirzəmi qazırdıq. Oruc olanda vaxtımızı həmin zirzəmidə keçirirdik ki, oruc olduğumuzu bilməsinlər. Göründüyü kimi, bu rəzillik, rüsvayçılıq, qadağalar var. Çin hökuməti, sadəcə, dünya şəbəkəsində gedən şəkillərə alternativ olaraq, addımlar atır, fotolar paylaşır ki, bizdə belə bir hadisə yoxdur. Amma nəticə etibarilə bu var və bunu inkar eləmək mümkün deyil”.

E.Miri bildirib ki, hazırda Çinin şərqində 300 milyona yaxın uyğur türkü yaşayır, onlar yaşadıqları bölgəyə Şərqi Türküstan deyirlər: “Çin hökuməti də burada belə bir dövlətin yaranmasından ehtiyat edir. Eyni zamanda, oradakı uyğurları birləşdirən yeganə məsələ dini dəyərlərdir. Bu, olmasa, Çin hökuməti onları istədiyi kimi idarə edə bilər. Onları həm mənən sındırmaq, həm də birləşməkdən və dövlət kimi formalaşmasının qarşısını almaq üçün belə bir üsullara əl atırlar.

İslam dünyasının uyğur türklərinin qarşılaşdığı məsələyə münasibət bildirməsi vacibdir. Amma təəssüflər olsun ki, İslam dünyası pərən-pərəndir. Suriya, İraq, Əfqanıstan və digərləri hərəsi bir tərəfdədir. İslam dövlətlərinin Avropa Birliyi kimi bir qurumu olmadığına görə, bu gün müsəlmanların səsi çox cılız çıxır".

“Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal uyğur türkləri ilə bağlı internetdə gedən informasiyalarda ziddiyyətlərin olması halları ilə rastlaşdığını diqqətə çatdırıb: “Maraqlıdır ki, bizim içimizdən də hazırda aktual olan uyğur məsələsinin Çinə qarşı bir qlobal əks-təbliğat olduğunu deyənlər çıxır. Türkiyədə bir solçu sayt uyğur türklərinə zülmləri əks etdirən fotoşəkillərin ABŞ tərəfindən qondarılaraq dövriyyəyə buraxıldığını iddia edib. Azərbaycanda da bəziləri bu iyrənc iddianın carçısına çevriliblər”.

A.Camal deyib ki, solçu düşüncə Çinin kommunist hökumətini müdafiə etməyə çalışacaq: “Amma reallıq budur ki, ABŞ-ın nəyi necə etməsindən asılı olmayaraq uyğurlar min bir zülm altındadırlar. İslam dini uyğurları çinlilər arasında əriyib, yox olmağa imkan verməyən tək faktordur. Bu səbəbdən, Çin dövləti hər vasitə ilə bu faktorun uyğurlar arasında zəifləməsinə çalışır.

Konkret şəkillərə gəlincə, guya, uyğurların normal şəkildə dini ayinlərini icra etməsi ilə bağlı yayılan şəkillər, əslində, başqa Asiya ölkələrindəki müsəlmanlara aiddir. Zahiri görkəmcə bir-birilərinə bənzədiklərindən məsələn, Birma, İndoneziya, Yaponiya kimi ölkələrdəki müsəlmanların şəkillərini “Çindəki uyğurlar” kimi təqdim edirlər. Gerçəkdə isə həqiqətən, oruc tutmaq ilə bağlı hazırda sıxıntılar var. Dövlət işində çalışanlar oruc tuta bilməz. Sabah imsaq üçün qalxan uyğurların evləri nəzarətə götürülür".

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər