14 İyul 2015 16:46
822
12 Punto 14 Punto 16 Punto 18 Punto

Natiq Miri: “Azərbaycan güc tətbiq etməlidir”

Erməni Silahlı Qüvvələrinin Dilqəm Əsgərov və Şahbaz Quliyevi girov götürməsindən bir il ötdü.
Xatırladaq ki, ötən ilin 11 iyulunda Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən ermənilər tərəfindən girov götürülüblər, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. Həsənovun meyiti düşmən tərəfi ilə aparılan danışıqlardan sonra alınaraq Bakıda dəfn edilib. Bundan əlavə işğal altındakı Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı qanunsuz məhkəmə təşkil edilib. Bu saxta məhkəmənin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Məsələyə münasibət bildirən politoloq Natiq Miri qeyd edib ki, girovların azad olunması üçün Azərbaycan dövləti tərəfindən həm siyasi, həm də hüquqi yöndə konkret addımlar atıldı: “Ancaq təəssüflər olsun ki, nəticə sıfırdır. Bu, təkcə Azərbaycanla bağlı problem deyil, bütün dünyanın problemidir. Çünki bu gün beynəlxalq hüququn var olmasına rəğmən, çox təəssüf ki, beynəlxalq hüquq və normalar bəzən geosiyasi maraqlar baxımından işləmir. Girovlar məsələsində də belədir. Ən azından dünya çox ciddi mənada bu məsələyə reaksiya verməli idi ki, Azərbaycan vətəndaşları öz torpaqlarında girov götürülüb və onlara hüquqi nöqteyi-nəzərindən həbs qətiimkan tədbiri görülüb və cismani cəza verilib. Bu, bütün dünyanın gözü qarşısında edilirdi. Ona görə də düşünürəm ki, bu gün dünyanın və onun yürütdüyü siyasətin ruhuna uyğun davranılmalı idi. Bu, ondan ibarətdir ki, Azərbaycan bütün dünya güclərinin etdiyini etməli idi. Dünya gücləri əvvəlcə güc tətbiq edir, sonra bunu beynəlxalq hüquqa bağlayırlar. Azərbaycan da məhz bunu etməli idi. Heç nə demədən onlarla, yüzlərlə erməni vətəndaşını Azərbaycan ərazisində qeyri-qanuni işğal nəticəsində olmalarına görə, girov götürməli və azərbaycanlı girovları qaytarmağa məcbur etməli idi. Yalnız bununla həm Ermənistanı, həm onların havadarlarını, həm də dünyanı bu vəziyyətə məcbur etmək mümkündür”.

N.Mirinin fikrincə, Ermənistanın qeyri-qanuni hərəkətlərinə cavab olaraq uyğun davranışlar ortaya qoyulmalı idi: “Hələ də gec deyil. Düşünürəm ki, Azərbaycanda fədakar oğlanlarımız, hərbçilərimiz var və onlar bu addımı atmaqla Ermənistanı silkələyəcək gücə malikdirlər”.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirib ki, son bir il ərzində atılan addımlar nəticə verməyib: “İstər beynəlxalq təşkilatların, istərsə də Rusiyanın, Amerikanın diqqətinin məsələyə cəlb olunması baxımından addımlar atıldı və müəyyən nəticələr də əldə olundu. Amma yenə də belə bir təsəvvür yaranır ki, Ermənistan nə Amerikanın, nə Rusiyanın fikirlərinə əməl eləmir. Rusiya istəsəydi girovların qaytarılması üçün Ermənistanı məcbur edərdi. Hər kəsə bəllidir ki, girovlardan biri - Dilqəm Əsgərov Rusiya vətəndaşıdır”.

A.Nağı qeyd edib ki, girovların qaytarılması ilə bağlı Azərbaycanda ictimai səviyyədə kifayət qədər etirazlar oldu: “Elə Qarabağ Azadlıq Təşkilatı BMT-nin Azərbaycandakı nümayəndəliyi, Beynəlxalq Qırmızı Xaç Komitəsi qarşısında etiraz aksiyaları keçirdi. Eyni zamanda, beynəlxalq müstəvidə Avropanın müxtəlif şəhərlərində girovların azadlığı tələbi ilə aksiyalar keçirildi. Belə baxanda beynəlxalq təşkilatlar bu aksiyaları nəzərə almalıydılar, amma bu da olmadı. Belə aydın olur ki, beynəlxalq təşkilatların Ermənistana təzyiq etmək fikirləri yoxdur. Hələ biz işğal faktını qırağa qoyuruq. Dəfələrlə bildirmişik ki, Ermənistan beynəlxalq təşkilatlar tərəfindən sülhə məcbur edilməlidir. Lakin sadə bir işdə Ermənistana təzyiq edilmir. Bu da onu göstərir ki, biz beynəlxlaq təşkilatlardan mövqe gözləyə bilmərik.

Azərbaycan tərəfindən isə bu məsələdə yeganə yol radikal addımların atılmasıdır. Erməni təxribatçıları ələ keçirildi, qeyri-rəsmi şəkildə qeyd edildi ki, onların dəyişdirilməsi gündəmdə olub. Amma ermənilər buna getmədilər. Hətta Azərbaycanın əlində olan erməni əsirlərinin taleyinə öz tərəflərindən laqeyd, soyuq münasibət göstərildi. Hesab edirəm ki, bu istiqamətdə Azərbaycan hər hansı lokal hərbi əməliyyat keçirməsi daha səmərəli ola bilər. Yəni, bu təzyiq vasitəsindən Ermənistana qarşı istifadə olunmalıdır. Ayrı bir təzyiq vasitəsi qalmır".

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər