“Dünən Azərbaycan Prezidenti İlham Əliyev Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşdü və çox geniş müzakirə aparıldı. Prezident Azərbaycan mediası ilə bağlı fikirlərini, düşüncələrini açıqladı, medianın qarşısında duran vəzifələri, Azərbaycan mediasının dünyadakı yeri və rolu, jurnalistlərin iqtisadi, mənəvi və digər problemlərini təhlil etdi, öyrəndi". Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
Ə.Həsənov bildirib ki, Mətbuat Şurasının üzvləri ilə bu və digər məsələlər müzakirə olundu və müəyyən qərarlar qəbul olundu.
PA rəsmisi qeyd edib ki, Azərbaycan dövləti özünü mediadan kənar hiss etmir, medianın qayğılarını öz qayğıları kimi qarşılayır, media nümayəndələrinə lazımi qayğı göstərir.
Ə.Həsənov bildirib ki, mediaya göstərilən bu qayğı bundan sonra da davam edəcək: “Prezident bunu dünənki çıxışında xüsusi qeyd etdi. Dövlət başçısı onu da vurğuladı ki, Azərbaycan özünü azad mediasız təsəvvür etmir və azad media bizim cəmiyyətin ayrılmaz tərkib hissəsidir”.
Prezidentin köməkçisi Azərbaycan milli mətbuatının 140 illik yubileyinin geniş şəkildə qeyd olunduğunu diqqətə çatdırıb: "Bilirsiniz ki, Azərbaycan Prezidenti milli mətbuatın 140 illik yubileyi ilə bağlı xüsusi sərəncam imzaladı, sərəncama müvafiq olaraq tədbirlər planı təsdiq olundu və mətbuat nümayəndələrinin bilavasitə iştirakı ilə Azərbaycan Mətbuat Şurası, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Prezident Administrasiyasının təşkilatçılığı ilə mühüm tədbirlər keçirildi".