Avqustun 1-də Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) özünün qurultayını keçirəcək. Partiya sədrinin təşkilati məsələlər üzrə müavini Xəzər Teyyublu deyib ki, qurultay saat 11.00-da Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə adına Mədəniyyət Mərkəzində öz işinə başlayacaq. Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü əlavə edib ki, qurultay nümayəndələrinin sayı çoxdur: “Yaxın günlərdə qurultay nümayəndələrinin ümumiləşdirilən sayı açıqlanacaq”.
KXCP funksioneri əlavə edib ki, ölkədə fəaliyyət göstərən media, siyasi partiya sədrləri, Qarabağ qaziləri, Azərbaycanın istiqlalı uğrunda fəaliyyət göstərən insanlar, Əbülfəz Elçibəyin yaxın qohumları, istiqlalçı deputatları qurultaya dəvətlidir: “Hazırda bu işlə məşğuluq. Dəvətnamələr yazılır, mandatlar paylanılır. Odur ki, işimiz çoxdur. Biz bütün tədbirlərimizlə bağlı YAP-a dəvətnamə göndərmişik. Odur ki, bu məsələdə də problem yoxdur. Milli Şura sədri və bəzi üzvləri də qurultaya dəvət ediləcək”.
Demokratik Birlik Fraksiyası fəallaşır
Xatırladaq ki, 2010-cu ildən başlayaraq bir qrup şəxs KXCP daxilində Demokratik Birlik Fraksiyası yaratdığını elan edib. Sonradan bu şəxslərlə KXCP rəhbərliyi arasında münasibətlər kəskinləşib. Fraksiyada təmsil olunanların çoxu KXCP-də tutduğu postlardan çıxarılıb. Son günlərə qədər isə fraksiyada təmsil olunan İsmayıl Yusifov bəyan edirdi ki, partiyanın qurultayında iştirak edəcək və namizədliyini irəli sürəcək. O, hətta elan edirdi ki, qurultayda sədr seçkilərində KXCP sədri M.Mirəlioğluna qalib gələ bilər və buna şübhə etmir. Çünki onu partiyanın 26 rayon şöbəsi müdafiə edir.
KXCP-nin qurultayı öncəsi İsmayıl Yusifov bu mövzuda yenidən danışıb. Deyib ki, onlar qurultayın iştirakçısı deyillər: “Təbii ki, qurultayın iştirakçısı olmadığımız üçün onun nəticələrini tanımayacağıq. Məlumat üçün söyləyim ki, qurultaydan sonra Demokratik Birlik Fraksiyası olaraq qərarımızı ifadə edəcəyik. Qurultay keçirilsin və bizim də buna uyğun qərarımız olacaq. Bu başdan elan edirik ki, biz qurultayın nəticəsini, qərarlarını tanımayacağıq”.
İ.Yusifov daha sonra bildirib ki, sədrliyə namizəd olmaqdan vaz keçməyib: “Sadəcə biz qurultay nümayəndəsi deyilik. Sədrliyə namizədliyin irəli sürülməsinin müəyyən prosedurası var. Həm də, KXCP-nin 26 rayon şöbəsi bizimlə birlikdədir. Biz məsələyə fərdi maraqlardan deyil, partiya mənafeləri baxımından yanaşırıq. Məqsədimiz KXCP-ni düşdüyü durumdan çıxarmaq, müxalifətin əsas qüvvələrindən birinə çevirməkdir. Ancaq bu gün M.Mirəlioğlu kiçik partiyaları ətrafına toplayıb və elan edib ki, seçkilərə onlarla birlikdə qatılacaq. Bəlkə də, mandatla bağlı maraqları var. Bizim narazılığımız 2-3 il əvvəl yaranıb. Bizim Mirəlioğlu ilə fikir ayrılığımız müxalifətin ümumi durumu, vahid mövqe ifadə edilməsinə dair olub. Hər dəfə ümumi mövqenin ifadə edilməsi məsələsi meydana çıxanda KXCP rəhbərliyi separatçıqlıqla məşğul olub. Bu da, haradasa anlaşılandır. Biz də bu siyasətə qarşıyıq. Odur ki, qurultayı ciddi qəbul etmirik”.
İsmayıl Yusifovun sözlərinə görə, fraksiyanın qərarı haqda konkret bir söz deyə bilməsə də, özünün bu məsələyə dair təklifi var: “Konkret düşüncəm budur ki, yeni partiya yaratmalıyıq. Artıq Mirmahmud Mirəlioğlu ilə eyni yolu getmək imkanları tükənib. Bu böyüklükdə təşkilatı əlinə keçirdikdən sonra 30 dəfə kiçildib. İş o yerə çatıb ki, özündən qat-qat kiçik partiyalarla əməkdaşlıq edir, blok yaradır. Artıq KXCP rəhbərliyi üçün fərdi maraqlar daha cəlbedicidir, nəinki partiya maraqları. Əgər partiya yaratmaq ideyası üstün gəlsə, burada əsas baza rolunu Demokratik Birlik Fraksiya oynayacaq. Fraksiyada iştirak edən insanlar da bu prosesdə iştirak edəcək. Gələcəkdə başqa şəxslər də bura qoşula bilər. Son qərarımızı qurultaydan sonra aparacağımız müzakirələr zamanı verəcəyik”.
Sonda uzun illər KXCP sədrinin müavini, İdarə Heyətinin və Ali Məclisin üzvü olmuş İ.Yusifov qeyd edib ki, əgər yeni partiya yaradılacaqsa, onun adı Demokratik Birlik Partiyası ola bilər: “Adın önəmi yoxdur. Əsas təşkilatın ideologiyası, siyasi xəttidir. Təbii ki, təşkilatın adı onun ideoloji-siyasi prinsiplərinə müəyyən qədər uyğun olmalıdır”.
Cavidan