4 Avqust 2015 11:38
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azad Demokratlar Partiyasının gündəliyində noyabrın 1-də keçiriləcək parlament seçkisi, təşkilatlanma məsələsi və partiyanın rəsmi qeydiyyatı ilə bağlı məsələ dayanır”.

Bunu AzDP sədri Sülhəddin Əkbər deyib. Onun sözlərinə görə, hələ rəsmi qeydiyyata alınmayan partiyanın üzvlərinin sayında artım olsa da, kütləvilik yoxdur: “Etiraf etmək lazımdır ki, insanların siyasətə marağı kəskin azalıb. Bu da istər-istəməz təşkilatlanmamıza təsir edir. Təşkilatlanma səviyyəsi 2005-ci ilə qədərki dövrlə müqayisədə çox mürəkkəbləşib”.

S.Əkbər qeyd edib ki, rəhbərlik etdiyi partiyaya bir vaxtlar hansısa partiyalarda fəaliyyət göstərən şəxslərdənsə, orta sinfin nümayəndələrinin gəlişində maraqlıdır: “Zəif də olsa, orta təbəqə var. Ali məktəbdə dərs deyən müəllimlər, tələbələr, gənclər, məmurlar, iş adamları, yüksək təhsilli özəl şirkətlərdə çalışan gənclər dairəsinə daha çox maraq göstəririk”.

O, gənclərin müxalif partiyalardan qopmasına da aydınlıq gətirib: “Siyasət gənclər üçün cəlbedici görünmür. Son 2 ildə gənclərin siyasətə marağının olmadığı aydın sezilir. Gənc siyasi partiyaya o zaman gəlir ki, orada karyerasını qura biləcəyi, iddialarını həyata keçirə biləcəyi gələcək görür. Bu, olmadığına görə bizim gənclərin siyasətə meyli yoxdur. Ancaq idealist-romantik, siyasi ailələrdə böyüyən gənclər siyasətə maraq göstərir. İkinci səbəb odur ki, partiyadaxili demokratiya inkişaf etmədiyinə görə, gənclərin və qadınların təşkilatın daxilində irəli çəkilməsi çətinləşir. Düzdür, bəzi partiyalarda ayrıcalıq siyasəti aparılır. Qadınlara yer verilir, amma bu, bütün partiyalara aid deyil. Üçüncü səbəb isə partiyadaxili mübarizədir. Hakimiyyət uğrunda mübarizədə perspektiv olmadığına görə, aqressivlik partiyadaxili mübarizəyə dönür. Azərbaycanda fəaliyyət göstərən bütün partiyaların istisnasız olaraq daxilində intriqalar gedir və bütövlükdə prosesə təsir göstərir”.

“Ərdoğan koalisiya hökumətinin qurulmasında maraqlı deyil”

Partiya sədri Türkiyədə yaşanan terror hadisələri və hökumətin koalisiya qurulması yönündəki danışıqlarını da şərh edib: “Hazırda siyasi inkişafda müəyyən problemlər yaşanır. Dövlət başçısı parlamentli respublikadan prezidentli respublikaya keçidin tərəfdarıdır. O, son parlament seçkilərində çox aktiv siyasət apardı və bu xətti təbliğ elədi. Bu da cəmiyyətdə müəyyən narazılıqla qarşılandı. Həm 13 illik siyasi hakimiyyətin cəmiyyətdə yaratdığı yorğunluq, həm də dövlət başçısının avtoritarizm meyilləri kimi qiymətləndirilən hərəkətləri nəticədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) səslərinin nisbi şəkildə azalmasına gətirib çıxardı, təkbaşına hökumət qurulmasının önünü kəsdi. Həmçinin hakimiyyət paralel struktur adlandırdığı Gülənçilərə qarşı mübarizə apardı. Hökumətin qurulmasına imkan yoxdur, çünki partiyalar arasında münasibətlər çox kəskinləşib, qarşıdurma zəmini hökm sürür. Nə səslərin yarıdan çoxunu toplayan 3 müxalif partiya bir araya gəlib hökumət qura bilir, nə də bu partiyalardan hər hansı biri AKP ilə razılaşır. CHP ilə aparılan danışıqlar problemli gedir. Burada AKP liderinin şəxsi mövqeyi də önəmlidir”.

Onun fikrincə, Türkiyə Prezidenti erkən seçimə getmək istəyir: “Görünən odur ki, Ərdoğan koalisiya hökumətinin qurulmasında maraqlı deyil. Digər tərəfdən Türkiyədə baş verən terror hadisələri, PKK-nın yenidən terror əməliyyatlarına baş vurması, İŞİD-in Türkiyə sərhədlərinə dayanması və terrora başlaması artıq Türkiyə hakimiyyətinin səbrini daşırdı və eyni zamanda, həm PKK, həm də İŞİD-ə qarşı əməliyyatlara başladı. Bu qruplaşmaya qarşı qurulan beynəlxalq koalisiyanın aktiv üzvünə çevrildi, ABŞ-la anlaşmaya getdi və öz hava bazalarından ABŞ və digər müttəfiqlərin istifadəsinə icazə verdi. Beləliklə, Türkiyə həm daxili, həm də xarici siyasətdə yeni bir aktiv fazaya keçdi. Bir tərəfdən müharibə vəziyyətində olması, geniş anti-terror əməliyyatlarının aparılması, digər tərəfdən hökumətin qurula bilməməsi Türkiyədə daxili gərginliyi, eyni zamanda, xaricdə də narahatlığı artırır. Amma son zamanlar hakim komandada böyük ağıl toplaşıb. Dünyada böyük dövlətlər öz siyasətində ağıl komponentini gücləndirirlər. İstər yumşaq, istərsə də hərbi gücdə zəka komponenti daha çox istifadə edilir. Türkiyənin nə yaxşı ki, belə kadr potensialı var. Düşünürəm ki, hakim komandanın və cəmiyyətin ağlı imkan verəcək ki, Türkiyə bu vəziyyətdən çıxsın. Koalisiya qurulmasının çətinliyi göz önündədir. Buna paralel olaraq Ərdoğan daha millətçi və sərt mövqe tutaraq İŞİD və PKK-ya qarşı sərtləşmə ilə daxildə itirilmiş səsləri qaytarmaq istəyir, dövlətin bütünlüyünü qorumaq üçün açıq şəkildə təbliğat aparır. PKK-ya zərbə vurmaqla HDP-ni zəiflətmək niyyətindədir. Koalisiyanın qurulmaması ilə belə təbliğat aparılacaq ki, Türkiyədə yalnız tək partiya hakimiyyəti zamanı sabitlik və inkişaf olur, yenidən AKP-yə səs verin ki, təkbaşına hökumət qurulsun, sabitlik və inkişafı təmin edilsin”.

Nərgiz EHLAMQIZI


Müəllif:

Oxşar xəbərlər