12 Avqust 2015 19:16
2 578
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyədə baş verənlər Yaxın Şərq bölgəsində gedən proseslərin davamıdır. Artıq hədəfə Türkiyə gəlib. Bundan əvvəl proseslər Suriya ətrafında cərəyan edirdi”.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyib.

Onun sözlərinə görə, son bir-iki ayda bu bölgədə yaranmış vəziyyət, Türkiyənin daxilində hakimiyyət böhranının yaranması səbəbindən PKK-HDP öz sifarişçilərindən yeni, böyük miqyaslı tapşırıq alıblar: “Son hadisələr göstərdi ki, PKK və HDP eyni qurumdur. Düşünürəm ki, PKK-nın bu cür aqressivləşməsinin arxasında Rusiya dayanır. PKK hər zaman bölgədə, əvvəllər SSRİ, sonra Rusiyanın siyasi vasitəsi olub. Məhz bu vasitənin yenidən işə salınmasının başlıca səbəblərindən biri “6-lıq”la İran arasında əldə olunan saziş və bundan sonra Türkiyənin Rusiyanın “Türk axını” qaz layihəsindən imtina etməsidir. Düzdür, tam imtina edilməyib, ancaq ortada niyyət var. Bu da Rusiyanın faktiki olaraq, Avropa bazarından sıxışdırılıb çıxarılması deməkdir. Bu isə Rusiya üçün fəlakətə bərabərdir. Rusiya bu gün tətbiq edilən sanksiyalara ağrılı reaksiya vermir, çünki onsuz da gəlirinin önəmli hissəsi neft-qaz ixracındandır. Bu amil də Rusiyanın əlindən alındıqda bu ölkə artıq dövlət olaraq öz mövcudluğunu saxlaya bilməyəcək. Bunu anlayan Rusiya Türkiyəni hədəfə alıb və sabitliyi pozmağa cəhd edir. Eyni zamanda Bakı-Supsa neft kəmərinin Gürcüstan ərazisindən keçən hissəsini zəbt etməklə demək istəyir ki, onun enerji maraqları ilə hesablaşmaq lazımdır. Əks təqdirdə Rusiya bütün bölgəni müharibəyə çəkə biləcək. Yəni, bu gün Türkiyədə PKK ilə bağlı gedən proseslər eynilə Ukraynada gedən proseslərdir. Bir fərqlə ki, Rusiya öz silahlılarını Türkiyəyə göndərmək iqtidarında deyil”.

Ə.Oruclunun sözlərinə görə, PKK–nın ciddi silahlandırılması faktı da bu günlərdə ortaya çıxıb: “Onlar artıq Türkiyə aviasiyasının helikopterlərini vurmaq iqtidarındadır. İstanbulda və digər şəhərlərdə ard-arda partlayışlar törədirlər. Bu, onu göstərir ki, sistemli fəaliyyət başlanılıb və bunun arxasında da birmənalı olaraq xarici güc dayanıb. Əks halda düşünmürəm ki, PKK-nın bu qədər böyük resursu var idi ki, Türkiyə ilə açıq savaşa girsin. Üstəlik də siyasi separatizmə doğru addımlar atsın və bundan sonra da ölkənin daxilində əvvəllər özünü PKK-dan ayrı göstərən siyasi partiyanın dəstəyini qazansın. Faktiki olaraq, proseslər Türkiyədə ciddi bir qarşıdurmanın yaranmasına doğru gedir. Düşünürəm ki, bunun arxasında daha çox dayanan Rusiyadır.

Ehtimal etmək olar ki, PKK-nı dəstəkləmək üçün Rusiya Ermənistandan istifadə edir. Bunu da gözləmək olardı, çünki Rusiyanın Türkiyəyə təsir etmək imkanı iki məkandan, biri Ermənistandan, digəri isə Suriyadakı hərbi bazasından var.

Türkiyədə “Ergenekon” əməliyyatında iştirak edən prokurorların Ermənistana qaçması da sadaladığım məsələlərə sübutdur. Əslində, Ermənistan onlar üçün bir keçid məntəqəsidir. Böyük ehtimalla onlar artıq Rusiyadadırlar. Yəni, əslində onlar Rusiyaya qaçıblar. Düşünmürəm ki, onların məhz bu ölkəyə qaçmasına zəmin yaratmağa Ermənistan hökuməti bu qədər müstəqildir. Ən azından bunu Rusiya ilə razılaşdırmalıdırlar. Çünki bu məsələdə Türkiyə-Ermənistan konflikti yaranarsa, Ermənistanı qoruya biləcək yeganə dövlət Rusiyadır. Bu proseslərin hamısı göstərir ki, Türkiyə hədəfdədir və təbii ki, Türkiyəni hədəfə alan bir neçə ölkəni ehtimal eləmək olar. Müəyyən ehtimal bu Səudiyyə Ərəbistanı da ola bilər. Tam əminliklə deyə bilməsəm də, İsrailin bu işdə iştirakını istisna eləmirəm. Çünki Qərb-İran anlaşmasından bölgədə ən ciddi şəkildə narazı olan dövlət İsraildir və istisna etmirəm ki, bölgədəki sabitliyin pozulması məsələsində də İsrail müəyyən qədər Rusiya və Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq edə bilər”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər