31 Avqust 2015 18:22
783
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elin Süleymanov: “ABŞ-ın Beynəlxalq Dini Azadlıq Komissiyasının Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirməsi elementar məntiqə sığmır”

Nyu-York ştatında yerləşən ABŞ-ın yəhudi icmasının tanınmış və nüfuzlu mərkəzlərindən hesab olunan Həmton Sinaqoqunda Azərbaycanda mədəniyyətlərarası dialoq və regional dinamikaya həsr edilmiş tədbir keçirilib. ABŞ-ın yəhudi icmasının tanınmış simalarından olan ravvin Mark Şnayerin açılış nitqi ilə başlamış tədbirdə Həmpton Sinaqoqunun dəvəti ilə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov da iştirak edib.

M.Şnayer Azərbaycanı tolerantlıq və barış ölkəsi kimi xarakterizə edib, burada yəhudi və müsəlmanların barış, dostluq və qarşılıqlı anlaşma şəraitində yaşadığını vurğulayıb. Bu yaxınlarda Azərbaycana səfər etdiyini və bu zaman Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüyünü xatırladan M.Şnayer, ölkə rəhbərliyi tərəfindən milli və etnik icmalara, o cümlədən Azərbaycanda əsrlərlə yaşamış yəhudi icmasına xüsusi diqqət və qayğının olduğunu söyləyib. Azərbaycanın dinamik inkişaf edən ölkə olduğunu deyən M.Şnayer, bunun təkcə iqtisadiyyat sahəsində deyil, cəmiyyətin bütün sahələrində hiss edildiyini vurğulayıb.

Yəhudi icmasının tanınmış nümayəndələrindən biri Dr. Hank Şeynkof tədbir iştirakçılarını maraqlandıran sualları və Azərbaycanı regionda unikal edən cəhətləri Azərbaycan nümayəndəsi ilə müzakirə edib.

Səfir Elin Süleymanov isə Azərbaycanın müsəlman ölkəsi olaraq bütün din və mədəniyyətlərə hörmətlə yanaşdığını və bu baxımdan yəhudi xalqı ilə müsbət münasibətlərdə olmasının bir nümunə olduğunu söyləyib. O, bunun Azərbaycan xalqının ənənəsinə söykəndiyini və eyni zamanda Azərbaycan rəhbərliyinin tolerantlıq və dialoqa sadiqliyinin nəticəsi olduğunu vurğulayıb. Qeyd edib ki, məhz Azərbaycan dövlətinin keçirdiyi siyasətin nəticəsidir ki, Azərbaycanda yaşayan yəhudi və digər icmalar Azərbaycan xalqının tam və bərabərhüquqlu üzvü olmaqla yanaşı, bu gün də güclü və inkişaf etmiş Azərbaycanın qurulmasında iştirak edirlər.

Regionda baş qaldıran radikal meyllərin qlobal təhdidə çevrildiyi bir zamanda Azərbaycan kimi müsəlman, tolerant və inkişaf etmiş cəmiyyətin ekstremizm və radikalizmə ən uğurlu cavab olduğunu qeyd edən azərbaycanlı diplomat, özündə proqressiv dəyərləri və dərin adət-ənənəni ehtiva edən Azərbaycan cəmiyyətinin müsəlman və digər region ölkələri üçün nümunə olduğunu söyləyib. “Təəssüflə qeyd etmək lazımdır ki, bütün bunlara baxmayaraq, vaxtaşırı Azərbaycana qarşı əsassız ittihamlar səsləndirilir”, – deyən diplomat ABŞ-ı misal olaraq göstərib. O, dünyada baş verən hadisələr fonunda ABŞ-ın Beynəlxalq Dini Azadlıq Komissiyasının öz hesabatlarında Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirməsinin elementar məntiqə sığmadığını vurğulayıb.

Tədbir zamanı Azərbaycanın tolerantlıq ənənələrinin dərin tarixi köklərə malik olduğunu qeyd edilib, Azərbaycanın, hətta ABŞ və Avropanın hazırkı bir çox aparıcı dövlətlərindən də öncə qadınlara seçki hüququnu verən dövlət olduğu misal olaraq göstərilib. Səfir, hazırda da qadınların rolunun cəmiyyətin həyatının bütün sahələrində çox əhəmiyyətli olduğunu qeyd edərək, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və aparıcı rolu altında çoxmədəniyyətlilik və tolerantlıq ənənələrinin təşviq edildiyini söyləyib. Belə ki, Azərbaycan yalnız bəyanatlarla kifayətlənmir, cəmiyyətin gündəlik həyatının bütün sahələrində tolerant və bərabərhüquqlu yanaşma mövcuddur.

Regionunun sosial-iqtisadi durumu barədə verilən suallara cavab verən azərbaycanlı diplomat, ölkənin çoxşaxəli və dayanıqlı iqtisadiyyata malik olduğunu söyləyib: “Təəssüf ki, regionun vahid tam kimi inkişafına mane olan Ermənistan-Azərbaycan münaqişəsi və Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı hələ də davam edir. Keçmiş sovet məkanında cərəyan edən hadisələrə cavab verərkən diplomat ABŞ-ı regionda mövcud olan separatizm faktlarına birmənalı yanaşmasının vacib olduğunu vurğulayıb. Əks halda, ikili standartlar nəinki münaqişələrin sülh yolu ilə həllinə yardım etməyəcək, hətta ABŞ-ın regiondakı maraqlarına ciddi təsir göstərəcək”.

Qeyd edək ki, Həmpton Sinaqoqu ABŞ-ın yəhudi icmasının aparıcı mərkəzlərindən olmaqla yanaşı, yüksək səviyyəli dövlət nümayəndələrinin də tez-tez ziyarət etdiyi məkanlardan biridir. Ravvin M.Şnayer isə etnik və dini məsələlərin araşdırılmasında ABŞ-da aparıcı qurumlarından olan “Etnik Anlaşma Fondunun” rəhbəri olmaqla yanaşı, yəhudi-müsəlman anlaşmasını təşviq edən qabaqcıl simalardan biri kimi tanınır.

Səxavət


Müəllif:

Oxşar xəbərlər