16 Sentyabr 2015 15:05
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Demokrat Partiyasının Ali Məclisinin rəyasət heyətinin iclası keçirilib. İclasda ölkədə ictimai siyasi vəziyyət, 1 noyabr 2015-ci il Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar hazırlıq məsələsi və digər məsələlər müzakirə edilib.

Partiyanın mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, geniş müzakirələrdən sonra müvafiq qərar qəbul edilib. Qərarda deyilir:

“Son vaxtlar Azərbaycanla ABŞ və Qərbi Avropanın demokratik institutları arasında münasibətlərin gərginləşdirilməsini, ATƏT-in 2015-ci il parlament seçkilərində müşahidə missiyasından imtina qərarı verməsini, habelə ölkədə seçki öncəsi real siyasi vəziyyəti nəzərə alaraq Azərbaycan Demokrat Partiyasının Ali Məclisinin Rəyasət Heyəti 1 noyabr 2015-ci il Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərdə iştirakın hazırkı mərhələdən davam etdirilməsinin məqsədəmüvafiq olmamasını qeyd edir və seçkilərdən geri çəkilir.”

Qərarın 2-ci bəndində qeyd olunur:

“Bu qərar Azərbaycan Respublikasının Konstitusiyasının 70-ci maddəsinin 1-ci bəndinə əsasən partiya üzv və tərəfdarlarının seçmə və seçilmə hüququnun məhdudlaşdırılması kimi yozula bilməz”.

ADP Ali Məclisinin Rəyasət Heyətinin qərarına əsasən ADP sədri Sərdar Cəlaloğlu 9 saylı Binəqədi 2-ci, partiya sədrinin birinci müavini Həsrət Rüstəmov 18 saylı Nərimanov-Nizami, partiya sədrinin müavini Taliyyət Əliyev 21 saylı Nəsimi 1-ci, partiya Ali Məclisinin sədri İsa Cəfərov 45 saylı Abşeron, Vasif Abdullayev 35 saylı Xətai 3-cü seçki dairələrində seçki fəaliyyətlərini bu gündən dayandırdıqlarını bəyan ediblər.


Müəllif: