“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Milli Məclisdə xüsusi iclas keçirilməlidir və bu məsələ mütəmadi olaraq gündəliyə daxil edilməlidir”.
Teleqraf.com-un məlumatına görə, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev bildirib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan ictimaiyyətinin daim diqqət mərkəzində saxlanılmalıdır: “Hər kəs bu yaxınlarda şahid oldu ki, Azərbaycan ordusu işğalçı erməni əsgərlərini məhv edən zaman ATƏT-in Minsk qrupu dərhal bəyanat yaydı. Halbuki, bundan öncə dəfələrlə Ermənistan hərbiçiləri Azərbaycan ordusunun hərbiçilərini şəhid ediblər. Ancaq ATƏT-in Minsk qrupu səsini belə çıxartmayıb. Biz dünya birliyinə çağırışlar etməliyik ki, Azərbaycan status-kvonun saxlanılmasına əsla razı deyil, artıq buna son qoyulmalıdır”.
Q.Həsənquliyev bəyan edib ki, Azərbaycan dövləti bir milyon qaçqın saxlayır: “Həmin qaçqınlar erməni işğalı nəticəsində qaçqın vəziyyətinə düşüblər. Azərbaycan ordusu mütəmadi olaraq geniş miqyaslı əməliyyatlar keçirməli və təmas xəttində düşmənə zərbələr vurmalıdır. Düşmən hər an məhv edilməlidir. Bəlkə belə olan halda Ermənistan sülhə gələr”.