Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ilə Müsavat Partiyası arasında növbəti qarşıdurma başlayıb. Bu dəfə tərəflərin bir-birini ittiham etməsinə səbəb AXCP-nin debatdan qaçması olub.
Müsavat başqanı Arif Hacılı razılıq verib ki, partiyadan bir nəfər AXCP funksioneri ilə debata çıxsın. Hətta debatın Müsavat qərargahında keçirilməsinə də razılıq verib.
Məqsəd isə belə olub ki, seçkiyə gedən Müsavatla, seçkiyə qatılmaqdan imtina edən AXCP arasında debat təşkil edilsin, hər iki tərəf mövqeyini və arqumentlərini ortaya qoysun.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı belə bir debatda AXCP-ni təmsil etməyə razılıq verib. Lakin son anda Qəhrəmanlı dediyi sözün üzərində durmayıb və debata çıxmaqdan imtina edib. Qəhrəmanlı imtinaya səbəb kimi Müsavatla tərəf olmaq istəmədiyini əsas gətirib.
Bununla da, sosial şəbəkələrdə iki partiya arasında yeni ittihamların əsası qoyulub. Başlanan mübahisəyə başqan Arif Hacılı münasibət bildirib. Deyib ki, onlar arqumentlərini öncədən bildirsə də, yenə razılıq veriblər: "İndi bu müxalifətçilər deyilən ümumiləşdirmə nədir?"
Debatdan qaçan AXCP nümayəndələri isə belə bir durumun yaranmasına görə jurnalisti günahkar biliblər. AXCP Ali Məclisinin üzvü Sultan Murad bəyan edib ki, jurnalisti anlayır: "Sizə sensasiya lazımdır. Ancaq indi seçkilərlə bağlı məsələyə seçkilərdə iştirak edən partiyalar aktivlik nümayiş etdirsin. Biz onlara görə seçkilərdən imtina etməmişik, indi onlarla debata çıxıb mövqeyimizi izah edək".
Müsavat başqanının müavini Elman Fəttah isə bildirib ki, mətbuat konfransı keçirmək ənənəsini Müsavat Partiyası qoyub. Başqan müavini həmçinin qeyd edib ki, AXCP üzvlərinə "siz haqlısınız" deməyənə qədər insandan əl çəkmirlər. Məhz onun bu mövqeyindən sonra qarşıdurma bir qədər də sürətlənib.
Qeyd edək ki, AXCP ötən həftə qurultay keçirib. Qurultayda sədrin açıq səsvermə ilə seçilməsi faktı Müsavat Partiyası tərəfindən ciddi şəkildə tənqid edilib. Hətta başqan müavini Elman Fəttah AXCP qurultayında sədrin açıq səsvermə ilə seçilməsinə böyük bir məqalə həsr edib və bunu demokratiyanın qarşısını alan məqam kimi qiymətləndirib. Bütün bunlar AXCP-nin Müsavata qarşı qıcığının bir qədər də güclənməsinə səbəb olub. Qurultayda AXCP sədri Əli Kərimlinin son çıxışında Müsavatı müxalifət partiyası hesab etməməsi faktı da qarşı tərəfin qıcığına səbəb olub.
Hazırda bu partiyalar faktiki olaraq bir-birinə düşməni mövqe sərgiləyir.
Müsavat AXCP-nin seçkilərdə iştirak etməməsini blef kimi təqdim etmək məqsədilə oktyabrın 25-nə mitinq təyin edib. Həmin mitinqlə Müsavat seçkilərdə iştirak etmədiyini elan edən və faktiki fəaliyyətsiz durumda olan AXCP-dən fərqli olaraq iş gördüyünü göstərmək niyyətindədir.
CAVİDAN