“Seçkilərdə axıradək iştirak edəcəyəm”.
Bu sözləri Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn deyib.
O, rəhbərlik etdiyi partiyanın da təmsil olunduğu “Azadlıq-2015” seçki blokunda boykot məsələsinin müzakirə olunmadığını bildirib: “Axırıncı dəfə bu məsələ müzakirə olunanda yekun qərar qəbul olunmuşdu ki, boykot məsələsi gündəmə gəlməyəcək”.
P.Hüseyn təbliğat-təşviqat kampaniyasının davam etdiyini deyib. Müsavat Partiyasının seçkidə iştirakdan imtina qərarına gəlincə, P.Hüseyn hesab edir ki, bu, hər bir partiyanın səlahiyyətində olan məsələdir: “Mənim bu qərara şərh verməyim siyasi etikaya uyğun olmaz”.
Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev də bildirib ki, “Azadlıq-2015” bloku seçkilərin son mərhələsində də iştirak etmək niyyətindədir: “Biz seçkilərin bütün mərhələlərini keçmişik. İndi son mərhələdir. Seçkidən sonra blokun seçki prosesi ilə bağlı təfsilatlı mövqeyi olacaq. Hesab edirik ki, seçkiyə sonadək getmək lazımdır”.
E.Musayev əlavə edib ki, siyasi partiyalar və ya partiyalar blokunun seçki ilə bağlı hansı qərarı varsa, ona hörmətlə yanaşmaq lazımdır: “Digər tərəf də eyni mövqe sərgiləməli, siyasi etika gözlənilməlidir. Dünyanın hər yerində belə təcrübə var. Amma bizdə bir-birinə qarşı təhqir, söyüşlə yanaşanlar var, bu da çatışmazlıqların nəticəsidir. Bir qisim var, düşünürlər ki, nə istəyirlərsə, hamı onlar kimi hərəkət etməlidir”.
Partiya sədrinin fikrincə, seçki prosesində iştirak boykotdan daha uğurlu variantdır: “İlk növbədə xalqın içərisinə girirsən, problemlərini dinləyirsən, çıxış yolu göstərirsən. Seçki prosesində iştirak etməklə sosial bazanı hərəkətə gətirirsən, partiyanın təşkilati strukturunu möhkəmləndirirsən. Siyasətçinin, siyasi partiyanın işi elə xalqla təmasda olmaqdır”.
Nərgiz