Eldaş Musayev: "Daha geniş əməkdaşlıq arzusundayıq"
"Azadlıq-2015" Seçki Blokunda müttəfiqlik edən yeddi siyasi partiya gələcək fəaliyyətlərinə dair konkret qərar verə bilmir. Bu partiyaların rəhbərləri hər həftənin çərşənbə günü bir araya gələrək saatlarla müzakirə aparır, lakin yekun qərar verməkdə çətinlik çəkirlər. Bəzi xəbərlərə görə, seçki blokunun siyasi bloka çevrilməsi məsələsində müəyyən fikir ayrılıqları var, lakin bunu dərinləşdirməmək üçün müzakirələr davam etdirilir. Hətta iki təklif ətrafında müzakirə aparılır. Birincisi seçki blokunun siyasi bloka çevrilməsi, ikincisi, müxalifətin əməkdaşlıq mərkəzinin yaradılması.
Böyük Azərbaycan Partiyasının (BAP) sədri, "Azadlıq-2015" seçki blokunun təsisçilərindən olan Elşad Musayevin sözlərinə görə, söhbət siyasi partiyaların bloku və ya müxalifətin əməkdaşlıq mərkəzinin yaradılmasından gedə bilər: "Yəni birlik bu formatlarda yaradıla bilər. Hazırda yeddi partiyanın hamısı bir yerdə fəaliyyət göstərmək niyyətindədir. Biz düşünürük ki, birgə fəaliyyətin əhəmiyyəti olduqca yüksəkdir. Ənənəvi olaraq həftədə bir dəfə toplanırıq".
Elşad Musayev hesab edir ki, seçkidən sonra bu bir ay müddətində əməkdaşlıq davam etdirilib: "Konkret olaraq əməkdaşlığın hansı formada olacağı müzakirə mövzusudur. Bizim bəzi dostlarımız daha geniş əməkdaşlıq təklifini irəli sürür. Adətən, seçkidən sonra ümumi vəziyyət belə olur ki, partiyalar nokauta düşür, fəaliyyət olmur. Amma indi biz müzakirə aparırıq, işləyirik, daha çevik olmağa çalışırıq. Odur ki, əməkdaşlığın hansı formatda olması əhəmiyyət daşımır. Əhəmiyyətlisi əməkdaşlığın özünün olmasıdır ki, bu da mövcuddur".
Partiyalar arasında fikir ayrılığının olması, medianın artıq bu haqda xəbər yaymasına gəldikdə Elşad Musayev hesab edir ki, fikir ayrılığının olması normal və təbii haldır: "Hamı eyni cür fikirləşə bilməz. Demokratiyanın tələbi də budur. Fikir özgürlüyü olmalıdır. Ancaq partiyaların hamısı ümumi əməkdaşlığa razıdır və hesab edirlər ki, belə olmalıdır. Daha geniş əməkdaşlıq arzusundayıq, ancaq təəssüflər olsun ki, bu baş vermir. Odur ki, əməkdaşlıq etmək istəyənlər bir aradadır. Biz çalışırıq ki, daha böyük birlik yaransın. Müəyyən təkliflər irəli sürülüb, danışıqlar aparılır. Ancaq bu haqda razılıq əldə olunmadığı üçün konkret bir söz demək də, doğru olmazdı. Özümüzün əməkdaşlığında isə problem yoxdur".
NEMƏT