"Türkiyənin baş naziri Əhməd Davudoğlu dünən çıxışında bildirdi ki, İrana qarşı Qərbin sərt sanksiyaları dövründə belə bu ölkəyə əl tutublar, yaxşılıqlar ediblər. Türkiyə İrana qarşı sanksiyalara qoşulmadı. Vaxtilə Tehran dəstəyə görə Türkiyəyə minnətdarlıq edirdi. Elə ki, nüvə istehsalı ilə bağlı sanksiyalar aradan qaldırıldı, İran Türkiyənin sanki yaxşılıqlarını unutdu. Deməli, belə bir dövlətə yaxşılıq etmək düzgün deyildi. İran təsadüfən Türkiyəyə qaz ixracının həcmini azaltmadı. Hazırda İranda havalar elə də soyuq keçmir".
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu İranın Türkiyəyə ixrac etdiyi qazın həcmini azaltmasına münasibət bildirərkən qeyd edib.
E.Şahinoğlu hesab edir ki, İraq hökuməti də Türkiyəyə qarşı siyasətini sərtləşdirib: "Rəsmi Bağdad türk əsgərlərin Mosuldan çıxarılması məsələsini qaldırıb. İraq da İran kimi Rusiyanın maraqlarından çıxış edib. Bu gedişlə Türkiyənin gələcəkdə TANAP boru xətti ilə ixrac olunacaq Azərbaycan qazının tamamına ehtiyacı olacaq. Halbuki bu boru xətti ilə qazın bir hissəsi Avropa Birliyi ölkələri üçün nəzərdə tutulmuşdu. Bəlkə heç TANAP-ın davamı kimi planlaşdırılan TAP boru xəttinə də ehtiyac olmadı. Bu arada İsrail də Türkiyəyə qaz ixracatı təklif edib. Onsuz da Türkiyənin düşmənlərinin sayı artır. Belə ərəfədə İsrailin təklifini müsbət dəyərləndirib, bu ölkə ilə münasibətləri normallaşdırmaq lazımdır. İndi "one minute" siyasətini davam etdirməyin yeri yoxdur".
"Düşmənlərinin sayının artması, "mavi yanacaq"la imtahana çəkilməsi Türkiyəyə nə vəd edir" sualına cavab olaraq E.Şahinoğlu qeyd etdi ki, Türkiyə alternativ enerji mənbələri tapmağa məcburdur: "Əslində Türkiyə daha öncədən proflaktik tədbirlər görməli idi. Əgər qaz təminatında problemlər yaransa, mümkündür ki, Türkiyə Azərbaycan qazını bütünlüklə alsın. Yəni qazımız TAP-a çatmadan Türkiyə bazarında satılsın. Artıq Qətər də Türkiyəyə qaz təklif edib. Türkiyə Azərbaycanla münasibətini intensivləşdirəcək. Yükdaşıma sahəsində əməkdaşlıq güclənəcək. Bakı-Tiflis-Qars dəmiryolu layihəsi sürətləndiriləcək. Bu sahədə Azərbaycan üzərinə düşən işləri vaxtında yerinə yetirib, amma Türkiyə tərəfdə ləngimələr vardı. Artıq başa düşürlər ki, bu işləri ləngitmək olmaz. Azərbaycan üçün hansısa risklərin olub-olmayacağını gələcək göstərəcək. Rusiya-Türkiyə münasibətləri gərginləşsə, qarşıdurma bütün istiqamətlər üzrə olacaq".
Politoloqa görə, iki ölkə arasında münasibətlərin pisləşməsi iş adamlarının da biznesinə təhlükə yaradıb: "Mübariz Mənsimov Rusiya-Türkiyə əməkdaşlığı sayəsində şirkətini və gəlirlərini artıra bilmişdi. Hər iki ölkədən aldığı sifarişlər nəticəsində daşımalar həyata keçirir, tankerlərinin bir qismini Türkiyədə, digərlərini Rusiyada hazılatdırırdı. İndi bu işlər görmək çətin olacaq. Çünki, Rusiya-Türkiyə münasibətləri çətin ki, yaxın müddətdə düzəlsin. Bu vəziyyət Mübariz Mənsimovun biznes fəaliyyətini ağırlaşdırır. Misal üçün Telman İsmayılovun biznesi də batırıldı. Rusiya Moskvada (keçmiş mer Lujkovla dostluğu sayəsində) qazandığı pullar hesabına Türkiyədə milyard dollara tikdirdiyi bahalı oteli İsmayılova bağışlamadı. Artıq Telman İsmayılov adında biznesmen ortada yoxdur. Doğrudur, Mübariz Mənsimov İsmayılovdan fərqli olaraq daha ağıllı biznesmendir, pullarını yubileylərə, Şakiraya, nə bilim Cenifer Lopesə xərcləmir. Buna baxmayaraq, Mənsimovun qazancının bir hissəsi Rusiya-Türkiyə işbirliyindən çıxırdı. İndi isə belə bir işbirliyi yoxdur. Rusiyanın neft şirkətləri Türkiyə vətəndaşı olan Mənsimova yük daşıması sifarişini verməyəcəklər".
Ayxan