15 Dekabr 2015 11:29
898
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son bir ildə siyasi partiyaların Gənclər Təşkilatlarında passivlik müşahidə olunur. Ötən həftə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludan bunun səbəblərini soruşduq.

Xatırladaq ki, ADP-nin Gənclər Təşkilatı postu 2 ildir boş olaraq qalır. S.Cəlaloğlunun fikrincə, Gənclər Təşkilatının sədri kifayət qədər bilikli, savadlı, qabiliyyətli olmalıdır, lakin bu kriteriyalara cavab verən şəxs yoxdur.

Müsavat Partiyasında da təşkilatın sədr postu uzun müddətdir boş olaraq qalır. 2014-cü ildə partiyanın Gənclər Təşkilatının sədri Əhliman Abbaslının istefasından sonra bu posta seçki olmayıb. Hazırda Səma Qabulova adlı gənc qız təşkilatda sədr əvəzi funksiyasını yerinə yetirir. Hazırda müsavatçı gənclərin böyük əksəriyyəti Gənclər Təşkilatının eks-sədri, başqanlığa keçmiş namizəd Tural Abbaslının yaratdığı “Ağ blok” ətrafında toplaşıblar.

Yada salaq ki, T.Abbaslıdan sonra Cavid Hacıbəyli sədr seçilsə də, yaş senzi nəzərə alınaraq təkrar seçki keçirildi bu zaman mübarizəyə onun qardaşı Rüfət Hacıbəyli qoşuldu, lakin sonda Əhliman Abbaslı sədr seçildi. Seçkinin qeyri-demokratik hesab edən gənclər bəyan edirdi ki, Ə.Abbaslı partiyanın yeni başqanı olmağa hazırlaşan Arif Hacılının “adamı”dır. Lakin qurultaydan sonra Əhliman Abbaslı başqanlığa keçmiş namizəd Qubad İbadoğlunun tərəfindən dayandığını bildirdi və tutduğu vəzifədən istefa verdi.

Tural Abbaslı ilə ölkədəki Gənclər Təşkilatlarının zəif olmasının səbəbləri haqda danışdıq.

T.Abbaslı bildirdi ki, ənənəvi müxalifət gənclərin dəyişikliyə olan ümidlərini öldürüb: “1989-cu ildən bu yana heç bir siyasi partiyada yeni lider yetişməyib. Hamısı meydan hərəkatından çıxan şəxslərdir. Gənclər siyasi karyera inkişafı görmədilər. Anladılar ki, bəlli yerədək - Gənclər Təşkilatının sədrliyinə qədər gəlirlər, ondan sonra gəncin siyasi yüksəlişinə son qoyulur”.

O, özünün sədrlikdən getməsindən sonra Müsavatda yaşanan olaylardan da söz açıb: “Bugünkü başqan Arif Hacılının iştirakı ilə çox demokratik şəkildə keçirilmiş Gənclər Təşkilatının konfransının nəticəsi ləğv olundu, yenidən konfrans keçirildi və orada siyasi təcrübəsi az olan gənci sədr seçdirdilər. Məqsəd də o idi ki, guya Gənclər Təşkilatını mənim və ətrafımda olan gənclərin təsirindən xilas etsinlər və bununla qurultaya daha güclü şəkildə getsinlər. Bundan sonra da gənclərimiz sağlam rəqabət mühitində təşkilatın inkişafına çalışdılar, 2-3 ay ərzində Rüfət Hacıbəylinin rəhbərliyi ilə buna cəhd edildi. Amma gördük ki, Gənclər Təşkilatı daxilində sağlam rəqabət yaratmaq istəyən gəncləri heç bir əsas olmadan təşkilatdan çıxarırlar. 15 gənci təşkilatdan uzaqlaşdırdılar. O zamankı başqan İsa Qəmbərə bu barədə şikayət edəndə o bizə çox sadə cavab verdi. Dedi ki, rəhbərlik onlardır, istədiklərini eləmək azadlıqları var. Bundan sonra mübarizə mənasız göründü, onları öz başlarına buraxdıq. Nəticədə uzun illərdir formalaşmış Gənclər Təşkilatını, struktur və ənənələri məhv elədilər”.

Gənclər Təşkilatının konfransına hazırlıq üzrə təşkilat komitəsinin rəhbəri Səma Qabulovanın fəaliyyətinə toxunan T.Abbaslı qeyd edib ki, onun fəaliyyətini qınamaq da doğru deyil: “Gərək partiyada gənc olsun, bu istiqamətdə toparlansınlar ki, onlarla birlikdə təşkilat yaratmaq mümkün olsun. Ümumiyyətlə, Müsavat Partiyasında gənclərin vəziyyəti partiya rəhbərliyinin səriştəsizliyindən və yarıtmazlığından irəli gəlir. Rəhbərlikdəkilərin 90 faizi səriştəsizdir, 10 faiz səriştəsi olanlar isə yarıtmaz fəaliyyət göstərirlər”.

T.Abbaslı “Ağ blok” partiyaya çevrilərsə, Müsavatdan qovulmaq ehtimalına da toxunub: “Arif Hacılı başqan seçiləndən 2-3 həftə sonra məlum oldu ki, onun kursunu dəstəkləməyən hər bir şəxsin partiyadan qovulma, çıxarılma, cəzalandırılma təhlükəsi var. Sonra bu proses də başladı. Hansı strukturda Arif Hacılı tərəfdarları səs çoxluğuna malik idi, orada ancaq qrup maraqlarına uyğun qərarlar verilməyə başlandı. Seçkili orqanlara seçkilərdən tutmuş təyinatlaradək ancaq məhdud qrupun - qurultaya qədər Arif Hacılını dəstəkləyən qrupun nümayəndələri təmsil olunmağa başladı. İstər məni, istərsə də Qubad İbadoğlunu dəstəkləyən qrupda kifayət qədər siyasi təcrübəli, hətta partiyanı təsis edən, yenidən bərpasına imza atmış insanlar vardı, ancaq rəhbərlik dar çərçivədə bölüşdürüldü. Arif Hacılı əleyhinə səs verən rayon təşkilatlarının daxilində süni şəkildə intriqalar başladıldı, Suraxanı və Zəngilan rayon təşkilatları ləğv olundu. Aktiv fəaliyyət göstərən Qadınlar Birliyi ləğv olundu, bu gün heç bir fəaliyyəti olmayan, kağız üzərində qadınlar təşkilatı yaradıldı. Kim ki Arif Hacılını bəyənmir, onu tənqid edirdi, bu və ya digər bəhanələrlə - Nizamnamə pozuntusu, üzvlük haqqı verməmək, iclasda iştirak etməmə kimi texniki səbəblərdən müsavatçıları partiyadan qovmağa başladılar. Bunların hamısı Arif Hacılı rəhbərliyinin idarəetmə xarakterini göstərir. Bizi də eyni təhlükə gözləyir. Yəqin hay-küydən çəkinirlər. Biz yanlış siyasətə etirazımızı bildirəndə göz önünə almışdıq ki, 15 ildir canımızı qoyduğumuz Müsavatdan qovulmaq təhlükəmiz var. Bu təhlükəni göz önünə alaraq bu yola çıxmışdıq. Odur ki, qovulsaq da, buna təəccüblənmərik”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər