17 Dekabr 2015 15:21
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hikmət Hacıyev: “Sənəd müəllifləri Azərbaycan və ABŞ arasındakı uğurlu əməkdaşlığa kölgə salmaq niyyətini güdürlər”

“Amerika Birləşmiş Ştatlarının Helsinki Komissiyasının sədri konqresmen Kris Smit tərəfindən təqdim olunan “Azərbaycan Demokratiya aktı” layihəsi adlı sənəd tam şəkildə anti-Azərbaycan xarakter daşıyır və qəbuledilməzdir. Sənədin təşəbbüskarı olan konqresmen Kris Smit həmişə ermənipərəst mövqeyi ilə fərqlənib və ABŞ-dakı erməni lobbisinin təsiri altında olub”.

Teleqraf.com-un məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev qeyd edib ki, hər bir söz və ifadəsi belə Azərbaycana qarşı yönəlmiş bu sənəd layihəsinin ABŞ Konqresinə keçirilməsi planlaşdırılan seçkilər ərəfəsində ABŞ-dakı erməni lobbi dairələri tərəfindən hazırlanması şübhə doğurmur: “Bu kimi qərəzli addımlar eləcə də Azərbaycan ictimaiyyətində ABŞ-ın imicinə mənfi təsir göstərə bilər. Əsasız olaraq ABŞ-ın milli təhlükəsizlik və iqtisadi maraqlarının qorunması naminə bu sənədin hazırlandığı iddia olunduğu halda, sənədin müəllifləri əslində Azərbaycan və ABŞ-ın enerji təhlükəsizliyi, terrorizmə qarşı mübarizə, iqtisadiyyat və digər sahələrdə uğurlu əməkdaşlığına kölgə salmaq niyyətini güdürlər.

Hər hansı xüsusi araşdırmaya və faktlara əsaslanmadan sənəd layihəsində Azərbaycanda insan hüquqlarının və mətbuat azadlığının pozulmasının iddia iddia edilməsi, cinayət tərkibli əməllərə görə həbs edilmiş şəxslərə “siyasi məhbus” donunun geyindirilməsi məqsədyönlü qərəzdən başqa bir şey deyil. Multikulturalizm ənənələri ilə dünyaya nümunə olan Azərbaycanda əsrlər boyu müsəlman, pravoslav, katolik, yəhudi və digər dini icmalarının dinc və mehriban şəkildə yaşadıqları halda, sənəd layihəsində Azərbaycanda dini azadlıqların pozulması haqqında iddia heç bir tənqidə sığmır.

Sənəd layihəsi bir daha sübut edir ki, Bakı-Tbilisi-Qars, TAP/TANAP qaz boru kəmərləri, Böyük İpək Yolunun bərpası kimi strateji layihələrin həyata keçirilməsində mühüm rol oynayan və çətin geosiyasi məkanda yerləşərək sabitlik və təhlükəsizlik vahəsi olan Azərbaycanın öz xalqının iradəsi əsasında yürütdüyü müstəqil siyasəti müəyyən anti-Azərbaycan dairələri ciddi surətdə narahat edir.

Azərbaycan Respublikasında qanunun aliliyi, məhkəmə hakimiyyətinin müstəqilliyi, fundamental hüquq və azadlıqların qorunmasıvə mətbuat azadlığı tam şəkildə təmin olunub”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər