“Sivilizasiyaların qovşağında yerləşən Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir”. Bu fikri Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.
K.Əliyeva bildirib ki, ölkəmizin sülhsevərliyi, birgəyaşayış qaydalarına hörməti Azərbaycan xalqına məxsus humanist və xeyirxahlıq kimi yüksək qiymətləndirilir. Onun sözlərinə görə, dünya ictimaiyyəti üçün aydın olan həqiqət budur ki, Azərbaycanın mədəniyyətlər, sivilizasiyalarası dialoqun mərkəzinə çevrilməsi prosesi bu gün də uğurla davam etdirilir.
“Milliyətindən, dinindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları ölkənin güclənməsində iştirak edir. Azərbaycanda milli dəyərlərə sadiqlik, ümumbəşəri dəyərlərə hörmət meylləri respublikanın müasirləşməsinə, modernləşməsinə xidmət göstərir. Ölkəmizdə yaranan demokratik şəraiti yüksək qiymətləndirən xarici qonaqlar etiraf edirlər ki, dünyada çox az dövlət tapılar ki, Azərbaycanda yaranan tolerantlıq, dini dözümlülüyün təmin olunması üçün buradakı qədər səylər göstərilsin”, – deyə K.Əliyeva vurğulayıb.
Səxavət