Tural Abbaslı: "Görüntü naminə fəaliyyət uğur verə bilməz"
Müxalifətin bir qrupu 21 fevralda keçirəcəkləri tədbirə hazırlaşır. Ona yaxın partiyanın, eləcə də bir neçə ictimai hərəkatın təşəbbüsü ilə baş tutacaq tədbirlə bağlı ilkin məlumatlar açıqlanıb.
Tədbirin İşçi Qrupunda təmsil olunan "Ağ blok"un nümayəndəsi Tural Abbaslı bildirib ki, partiyalar və təşkilatlar öz imkanlarını dəyərləndirir, tədbirin yüksək səviyyədə alınması üçün tələb olunan işləri həyata keçirir: "İki gündən sonra Azərbaycan Demokrat Partiyasının qərargahına toplaşıb bir daha müzakirələr aparılacaq, vəziyyəti qiymətləndirib, işlərin gedişatı ilə bağlı məruzlər ediləcək. Feysbuk sosial şəbəkəsində bununla bağlı xüsusi bölmə yaradılıb, təbliğat aparılır. Bundan əlavə, hər bir partiya və hərəkatın özü də tədbirə insan cəlb etmək haqqında düşünür. İndi belə təkliflər var ki, 21 fevral tədbirində əsasən politoloqlar, siyasi təhlilçilər çıxış etsin, qlobal böhran və onun təsirləri barədə fikirlərini açıqlasınlar. Eyni zamanda tədbirin sonunda müəyyən təkliflər irəli sürülsün. Hazırda tədbirə hazırlıq mərhələsindəyik".
Tədbirə dəvətlilər barədə danışan İşçi Qrupun üzvü söyləyib ki, bu məsələdə yanaşma çox şəffafdır: "Tədbirimiz açıqdır. Xüsusi hal yoxdur ki, filankəsi dəvət edək, amma behmənkəsi dəvət etməyək. Biz bunu yalnız onu hazırlayanların tədbiri də hesab etmirik. İstəyirik ki, həm də müxalifətin ümumi tədbiri kimi görünsün. Hətta təkliflər var ki, çıxışlar məsələsində məhdudiyyət qoyulmasın. Kim istəyirsə, öz fikirlərini ifadə etsin. Yəni şərt deyilik ki, kimsə partiya adından gəlsin. Hər kəs gələ bilər. Hətta gəlib bizi tənqid də edə bilərlər".
Bununla belə Tural Abbaslı qeyd edib ki, müxalifət düşərgəsi daxilində ümumi vəziyyət və münasibətlər gərgindir: "Müxalif düşərgədə situasiya aydındır. İşçi Qrupunda təmsil olunan siyasi qüvvələri çıxmaq şərti ilə özünü əsas müxalifət elan edən təşkilatlar istəyir ki, məsuliyyəti xalqın boynuna qoysunlar. Əlbəttə, bu, yanlış düşüncədir. Biz müxalifəti bir araya gətirməyə, ona istiqamət verməyə, təkliflər ortaya qoymağa çalışırıq. Təəssüflər olsun ki, müxalifətin əksər hissəsi bu günə qədər göstərdiyi fəaliyyəti davam etdirir. Bu fəaliyyət əsasən bir-birini tənqid etmək, addımlarını təftiş etmək, zəiflətmək xəttindən ibarətdir. Bu proses həm mediada, həm də sosial şəbəkələrdə özünü açıq büruzə verir və artıq illərdir ki, bu xətt dəyişdirilmir. Bir sözlə, müxalifət vəziyyətə uyğun fəaliyyət göstərmir. Ənənəvi fəaliyyətdədir və aradabir özlərini göstərmək üçün tədbirlər keçirirlər. Lakin görüntü naminə fəaliyyət uğur verə bilməz".
İşçi Qrupunun nümayəndəsi qeyd edib ki, AXCP, Müsavat və Milli Şuranın 21 fevral tədbirinə qatılması üçün onlarla xüsusi danışıqlar aparmaq, bu qüvvələrin qapısına nümayəndə göndərmək niyyətində deyillər: "Danışıqlar aparılmır. Görüntü yaratmaq olmaz ki, kimlərsə xüsusi statusa malikdir və belə ünvanlarla xüsusi danışıqlar aparılmalı, onların tədbirdə təmsilçiliyinə nail olunmalıdır. Xeyr! Belə bir niyyət yoxdur. Ancaq təbii ki, dəvət göndəriləcək, təklif ediləcək ki, gəlib iştirak etsinlər, fikirlərini bildirsinlər. Amma xahiş olmayacaq. Dəvət olacaq, gəlirlər, gəlsinlər. Gəlmirlərsə, özləri bilər. Onlar indiki mərhələdə xalqın deyil, özlərinin korporativ maraqlarını nəzərə alırlarsa, bu, bizim problemimiz deyil".
Cavidan