“Hökumətin iqtisadi böhrandan çıxışla bağlı proqramı, siyasəti var. Sadəcə bizim ümumi problemimizdir ki, onu təqdim edə bilmirik”.
Bu barədə Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib.
Deputat qeyd edib ki, hökumətin həyata keçirdiyi islahatlar göz qabağındadır.
“Prezidentin tapşırığı ilə ciddi konsepsiya hazırlanır və işlər gedir. Bu gün ictimaiyyətə bu məlumat düzgün çatdırılmır və yaxud heç bir məlumat verilmir. Azərbaycanda bərbad vəziyyət yoxdur.
Təcili işlər görülür ki, bu gün büdcəni müzakirə edirik. Düşünürəm ki, bu istiqamətdə diqqətli olmalıyıq və çalışmalıyıq ki, təkliflərimizi verək. Bərbad vəziyyət Venesuela və ya başqa ölkələrdədir. Ora baxmaq lazımdır. Bu gün Azərbaycanda ərzaq qıtlığı yoxdur, bütün istiqamətlərdə hökumətin planı var və icra olunur. Bu icra bizi tam qane etməsə də, iş gedir”.
Tibbi avadanlıqların ƏDV-dən azad edilməsinə diqqət çəkən deputat qeyd edib ki, bu iki mərhələyə böülnməlidir.
“Birinci mərhələ odur ki, tibbi avadanlıqdan söhbət gedirsə, onların ƏDV-dən azad olunması heç də lazım deyil. Yəni tibbi avadanlıqların istifadəsi xəstəxana və ya özəl şirkətlər tərəfindən istifadə olunur.
Onların ƏDV-dən azad olunması məncə bizə ziyan edər. Amma sərf olunan dərmanlar və preparatlarla bağlı düşünürəm ki, ƏDV-dən azad olunmalıdır və ya aşağı salınmalıdır. Bütün dünyada bu var. Bu xərclər həmin xəstələrin üzərinə düşür. İcbari sığorta işləsə, bunu saxlamaq olar. Lakin indiki vəziyyətdə bu vacibdir və Samir müəllimdən xahiş edirəm ki, bu məsələyə də baxılsın”.
F.Muradov dövlət qurumlarından işdən çıxarılmaya da toxunaraq bildirib ki, bu proses zəncirvari digər sahələrə də təsir edir. “Dövlət qulluğunda fəhlə işdən çıxarılırsa, o, nə vergi ödəyir, nə dövlətin iqtisadi siyasətinə kömək edir. İşsiz qalır.
Düşünürəm ki, dövlət qurumlarına ciddi tapşırıq verilməlidir ki, fəhləyə, orta sinfə xüsusi diqqətlə yanaşılsın. Ümumiyyətlə, yeni iş yerlərinin açılması prioritet məsələdir. Kənd təsərrüfatı istiqamətində yaxşı imkanlarımız var, lakin onlar istifadə olunmur. Səbəblərini yəqin ki ölkə başçısı, hökumət bilir. Fikrimcə, bu istiqamətdə də ciddi addımlar atılacaq”.
Deputat bildirib ki, tikinti sektorunun inkişafı da müəyyən mərhələdə büdcəyə kömək edə bilər.
“Dövlətin müəyyən qədər geniş imkanları, torpaqları, yerləri var ki, ora investisiyalar cəlb etmək üçün imkanlar mövcuddur.
Sosial yardım sistemini daha da mükəmməlləşdirməliyik. Bunun digər istiqaməti ondan ibarət olmalıdır ki, o insanlar maliyyəni müəyyən işə, xüsusilə kənd təsərrüaftı istiqamətinə yönəltsin”. BƏXTİYAR