26 Fevral 2016 12:44
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Həmin tədbirdə iştirakı məqbul hesab etmirəm"

Müsavat Partiyası ilə "Böhran koalisiyası" arasında yaşanan qarşıdurmaya Milli Şuradan reaksiya gəlib. Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı deyib ki, "Böhran koalisiyası"nın fevralın 21-də tədbir keçirməsindən məlumatı var. Amma tədbirdə hansı məsələlərin müzakirə edilməsi, hansı təkliflərin irəli sürülməsindən xəbəri yoxdur: "Bu məsələlərlə maraqlanmır, aktual hesab etmirik. Əlbəttə, "Böhran koalisiyası"nda təmsil olunanların çoxunu müxalifət düşərgəsinə aid olduğunu qeyd edirəm. Amma onların getdiyi yolu və izlədikləri siyasəti düzgün hesab etmirəm. Fikrimcə, onlar doğru yolla getmirlər. Bu xətt indiki reallıqla uyğun deyil. Odur ki, imkanım daxilində çalışıram ki, üzvü olduğum Vətəndaş Həmrəyliyi Partiyası və Milli Şura bu prosesdən kənarda dayansın. Şübhəsiz ki, mən həm partiyada, həm də Milli Şurada təkəm. Qərarlar isə səs çoxluğu ilə qəbul olunur. Mən də bir səsimin çərçivəsində çalışıram ki, bu qurumdan bir qədər məsafəli dayanaq. Çünki getdikləri yol düz deyil. Mən bilmirəm onlar hansı təkliflərlə çıxış edirlər. Ora toplaşan qüvvələrin prezident, habelə parlament seçkiləri ərəfəsində buraxdıqları səhvlər var idi. Bəlkə də, indi bu səhvləri düzəltmək istəyirlər".

R.Manaflı qeyd edib ki, "Böhran koalisiyası" ilə bağlı Milli Şuranın Koordinasiya Mərkəzində hər hansı bir müzakirə aparılmayıb: "Sadəcə, onların tədbirinin keçirilməsi haqqında məlumat verilib. Məndə olan məlumata görə, "Böhran koalisiyası"ndan kimsə Cəmil Həsənli ilə telefon əlaqəsi saxlayıb, onu tədbirə dəvət edib. Cəmil Həsənli isə həmin vaxt Azərbaycanda olmayıb. Əgər Bakıda olsaydı, bu tədbirə gedib-getməyəcəyi haqqında bir söz deyə bilmərəm. Biz bu tədbirin cəmiyyətə nə verəcəyini müzakirə etməmişik. Mən həmin tədbirdə iştirakı məqbul hesab etmirəm və fikrimi də açıq deyirəm".

Milli Şura üzvü "Böhran koalisiyası" ilə Müsavat Partiyası arasında müşahidə olunan mübarizə və qarşılıqlı ittihamlara da reaksiya verib: "Müsavat Partiyasının irəli sürdüyü iddialar müəyyən qədər doğrudur. Söhbət seçkilər ərəfəsində "Böhran koalisiyası"na daxil olan qüvvələrin fəaliyyətindən gedir. Mən bunu yuxarıda da qeyd etmişəm. Odur ki, Müsavatın səsləndirdiyi fikirlərdə həqiqət var. İkincisi, "Böhran koalisiyası"nın üzvləri qeyd edirlər ki, son 25-30 ildə biz ancaq insanların başını aldatmışıq. Ancaq biz baş aldatmışıqsa, bunu hamımız birlikdə etmişik. Çünki "Böhran koalisiyası"nın üzvlərinin çoxu bizimlə İctimai Palatada təmsil olunub, ondan əvvəlki birliklərin üzvü olublar. Əgər baş aldatmışıqsa, bunu hamımız birlikdə etmişik. İndi onların öz yaxasını kənara çəkməyi doğru deyil. Bu, ümumi mübarizədir".

R.Manaflı qeyd edib ki, Müsavatla "Böhran koalisiyası" arasında baş verən qarşıdurma müxalifətdə birincilik və narazı elektorat uğrunda rəqabətin təzahürüdür: "İqtidarın öz, müxalifətin də öz elektoratı var. İndi müxalifət düşərgəsi daxilində də elektorat uğrunda rəqabət var. Bu mübarizəyə təbii yanaşmaq lazımdır. Biz elektorat məsələsində bir-birimizə rəqibik. Həyat kimin daha düzgün yolda olduğunu göstərəcək. Müxalifətə məxsus olan narazı elektorat uğrunda rəqabət və mübarizə hər zaman gedir".

Rafiq Manaflı qeyd edib ki, Milli Şura nə Müsavatı, nə də "Böhran koalisiyasını" müdafiə edir: "Biz müşahidəçi mövqeyindən dayanmışıq. Bu, Müsavatın və koalisiyanın daxili işləridir. Biz onlarla bağlı prosesə müdaxilə etmirik".

CAVİDAN


Müəllif:

Oxşar xəbərlər