1 Mart 2016 12:15
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti üzvləri ölkəmizdə səfərdə olan qurumun yeni prezidenti Pedro Aqramunt ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri layiqincə yerinə yetirməsindən, qurumla uğurlu əməkdaşlıqdan danışıb. O, Pedro Aqramuntu qurumun prezidenti kimi yüksək və məsuliyyətli vəzifəyə seçilməsi münasibəti ilə nümayəndə heyətinin üzvləri adından təbrik edib. Qonağa gələcək fəaliyyətində uğurlar arzulayan komitə sədri bu təyinatın AŞPA-nın işinə yeni nəfəs gətirəcəyinə ümidvar olduğunu vurğulayıb.

Səməd Seyidov Pedro Aqramuntun uzun illər qurumun müxtəlif regionlar üzrə məruzəçisi vəzifəsində işlədiyini xatırladaraq, onun hər zaman öz işinə humanist prinsiplərlə, ədalət hissi ilə yanaşdığını deyib.

AŞPA-nın yeni prezidenti Pedro Aqramunt səmimi görüşə və onun haqqında deyilən yüksək fikirlərə görə minnətdarlığını bildirdi. Qeyd etdi ki, səfərinin məqsədi yeni vəzifəsi ilə əlaqədar ölkədəki mövcud durumla daha yaxından tanışlıq olmaq və əməkdaşlığı inkişaf etdirməkdir.

Söhbətdə Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, regionda və dünyada sülhün bərqərar olması üçün atılan addımlar, bu istiqamətdə səylərin gücləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Görüşdə millət vəkilləri Rəfael Hüseynov, Sevinc Fətəliyeva, Vüsal Əliyev, Sahibə Qafarova, Sabir Hacıyev, Elşən Musayev, Müslüm Məmmədov, Avropa Şurasının Bakı ofisinin rəhbəri Draqana Filipoviç və digər rəsmi şəxslər iştirak edib.

Nemət


Müəllif:

Oxşar xəbərlər