10 Mart 2016 12:19
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qlobal Bakı Forumu - bu gün bəşəriyyət qarşısında dayanan ən mühüm məsələlərin müzakirəsi üçün gözəl bir təşəbbüsdür.

Trend-in məlumatına görə, bu fikirləri Böyük Britaniyanın baş naziri Devid Kemeron bu gün Bakıda "Çoxqütblü dünyaya doğru" mövzusunda keçirilən IV Qlobal Bakı Forumunun açılış mərasiminə ünvanlanmış videomüraciətində səsləndirib.

Müraciətdə daha sonra qeyd edilir ki, son 24 ildə Böyük Britaniya və Azərbaycan təhlükəsizlik məsələləri də daxil omaqla bir çox sahələrdə sıx əməkdaşlıq edir.

Qeyd edək ki, iki gün davam edəcək tədbirdə qlobal etimadsızlıq və təhlükəsizlik (İŞİD və terrorizm; Suriya, Ukrayna münaqişələri); regional dinamiklik və təhlükələr (İran, Xəzər regionu, Suriya və daha geniş Avropa); iqtisadi amillərin əhəmiyyəti və qeyri-bərabərliyi, Qərbin zəifləməsi və qlobal iqtisadi çətinliklərin ciddi nəticələri; iqlim dəyişikliyi və enerji siyasəti: neft istehsal edən ölkələrin rolu; multikulturalizm, dinlərarası dialoq və qarşılıqlı inteqrasiya kimi mühüm istiqamətlər üzrə müzakirələr aparılacaq.

“Müasir dövrün qlobal çağırışı” adlı açılış sessiyasında bir sıra digər dövlət və hökumət rəhbərləri çıxış edəcək, habelə video-müraciətlər nümayiş etdiriləcək.

Plenar sessiyada və panel iclaslarında dövlət və hökumət başçıları, tanınmış ictimai-siyasi xadimlər, nüfuzlu ekspertlərin iştirakı ilə gündəlikdə nəzərdə tutulmuş mövzular ətrafında müzakirələr və fikir mübadiləsi aparılacaq.

Forumun işində 7 fəaliyyətdə olan prezident, 1 vitse-prezident, 27 sabiq prezident, 23 sabiq baş nazir və çoxlu sayda fəaliyyətdə olan və keçmiş rəsmi şəxs, həmçinin nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri və yüksək vəzifəli nümayəndələri, tanınmış siyasətçilər, ekspertlər iştirak edirlər.

lV Qlobal Bakı Forumunda dünyada iqtisadi, siyasi və humanitar proseslər, qlobal təhlükəsizlik, etnik, dini və siyasi zəmində baş verən münaqişələr, insan hüquqları, gənclər, miqrasiya, multikulturalizm, inteqrasiya və digər mühüm məsələlər müzakirə ediləcək, mövcud problemlərin həlli yolları araşdırılacaq.

Qeyd edək ki, “Çoxqütblü dünyaya doğru” mövzusunda Qlobal Bakı Forumu siyasi, iqtisadi və humanitar sahələrdə dövrümüzün aktual məsələlərinin, dünyada baş verən mühüm hadisələr və cərəyan edən proseslərin müzakirə olunduğu mühüm platformadır. Bundan əvvəl keçirilmiş üç forum (I, II və III Qlobal Açıq Cəmiyyətlər Forumu 2013-cü, 2014-cü və 2015-ci illərdə Bakı şəhərində keçirilmişdir) mövzuların genişliyi və aktuallığı, yüksək səviyyəli təmsilçilik və tədbirdə iştirak edən nümayəndələrin fəallığı baxımından dünya ictimaiyyətinin və beynəlxalq medianın diqqətini çəkib.


Müəllif:

Oxşar xəbərlər