Milli Məclisin plenar iclası davam edir.
Hazırda Baş nazir Artur Rasizadə Nazirlər Kabinetinin 2015-ci ildəki fəaliyyəti haqqında hesabatı deputatlara təqdim edir.
Teleqraf.com xəbər verir ki, Baş nazir çıxışı zamanı 2015-ci ildə keçirilən parlament seçkilərinə toxunub, seçkilərin demokratik keçirildiyini bildirib və millət vəkillərini təbrik edib. A.Rasizadə həmçinin dünya iqtisadiyyatında müşahidə olunan proseslər, bunun Azərbaycana təsiri, manatın devalvasiyası haqqında da danışıb.
Nazirlər Kabinetinin 2015-ci il üzrə fəaliyyətinə dair hesabatında bir sıra məqamlara toxunulub. Hesabata əsasən, keçən il Təhsil Nazirliyinə təhsil sənədlərinin tanınması üzrə 4 714 müraciət daxil olub. Hesabat dövründə 1 224 ali təhsil haqqında sənədin ölkə ərazisində tanınması, 571 şəxsin ali təhsil haqqında sənədlərinin tanınmaması barədə qərarlar qəbul edilib.
Hesabatda o da qeyd olunub ki, 2015-ci ilin yanvar ayından etibarən Bakı şəhərində diaqnostik qiymətləndirmədən keçən 30 min müəllim həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı 2 dəfə artırılıb. Eyni zamanda Bakı şəhərində müəllim-şagird nisbəti 1:10-dan 1:12 nisbətinə yüksəlib.
Müəllimlərin tam şəffaf və elektronlaşdırılmış qaydada keçirilən işə qəbulu müsabiqəsinin nəticələrinə əsasən, 3 068 nəfər işlə təmin olunub, vakant yerlərin tutulması səviyyəsi 38 faiz artıb. Əgər iki il əvvəl müəllimlərin işə qəbulu üzrə müsabiqəyə müraciət edənlərin sayı 17 min nəfər idisə, 2015-ci ildə onların sayı 41 faiz artaraq 24 min nəfər olub.
Hesabatda bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə qəbul edilən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunun qüvvəyə minməsindən sonrakı 2 ay ərzində 2014-cü ilin eyni dövrü ilə müqayisədə yoxlamaların sayı 10 dəfə azaldılıb.
Hesabatda qeyd olunub ki, səhiyyə sahəsində bu gün ölkədə orqan köçürülməsi ilə bağlı problem var. “Dünyasını dəyişmiş insanlardan orqanların köçürülməsi məsələsi qanunvericilikdə öz əksini tapsa da, hələ də bunun icra mexanizmləri yoxdur. Qanunun yerinə yetirilməsi, icra mexanizmlərinin tapılması önəmli məsələdir. Lakin meyitdən orqanların götürülməsi ilə bağlı icazənin verilməsi yaxın qohumlar və ya qanuni nümayəndələr tərəfindən qətiyyətlə rədd edilir. Problemin həlli üçün bu sahədə aidiyyəti dövlət qurumlarının qarşılıqlı fəaliyyətinin təmin edilməsi və əhali arasında kütləvi informasiya vasitələri tərəfindən maarifləndirmə işlərinin gücləndirilməsi məqsədəuyğundur.
2015-ci ilin yekunlarına görə, istehsal olunan müdafiə təyinatlı məlumatların həcmi ötən illərlə müqayisədə dəfələrlə artıb. Hesabat dövründə müdafiə sənayesi müəssisələri tərəfindən 7 mövzu üzrə təcrübi konstruktor işləri tam başa çatdırılıb, 11 məmulatın istehsalı mənimsənilib və silahlanmaya tövsiyə olunaraq seriyalı istehsal təşkil olunub. Bundan başqa, Silahlı Qüvvələr və digər güc strukturları tərəfindən sifariş olunan müdafiə təyinatlı məmulatlar üzrə bağlanmış müqavilələr tam yerinə yetirilib. 114 milyon 600 min manat məbləğində müdafiə təyinatlı məmulatlar istehsal edilərək sifarişçilərə təhvil verilib. Təhvil verilmiş məmulatların həcmi 2007-ci ilə nisbətən 26, 7 dəfə, 2010-cu ilə nisbətən 2,3 dəfə artıb. Artıq istehsalı mənimsənilən müdafiə təyinatlı məmulatların və onların ehtiyat hissələrinin çeşidlərinin sayı 1070-i ötüb.
“27 ixtisas üzrə 272 həkim-mütəxəssis hazırlanıb”
Hesabatda bildirilir ki, keçən il Azərbaycanda 89 mətbu nəşr, 70 qeyri-kommersiya qurumu və 34 təhsil müəssisəsi qeydə alınıb. Onların ümumi sayı 4100-ü ötüb, habelə 89 mətbu nəşr uçota götürülüb, KİV-lərin sayı 5062 təşkil edib. Azərbaycanda həkimlərin ixtisaslar üzrə hazırlığı müasir təhsil sisteminə uyğun olaraq rezidentura vasitəsilə həyata keçirilir. Hazırda rezidentlərin hazırlanması 40 klinik bazada aparılır ki, bu da rezidentura təhsilinin başladığı 2011-ci illə müqayisədə 4 dəfə çoxdur. Hesabatda qeyd olunub ki, rezidentura təhsili tətbiq ediləndən sonra 27 ixtisas üzrə 272 həkim-mütəxəssis hazırlanıb. Tibb işçilərinin təkmilləşdirilməsi və sertifikatlaşdırılması işi də davam etdirilib. İl ərzində 5 200 həkim və 9 500 orta tibb işçisi təkmilləşmə kurslarından keçib, 3 354 həkim və 7 399 orta tibb işçisi sertifikat alıb. Keçən il 258 həkim mərkəzləşdirilmiş qaydada test imtahanı ilə işə qəbul olunub. 100 nəfərdən artıq həkim-müətəxəssis təyinatla iş yerlərinə göndərilib. Hesabat ilində Türkiyə, Yaponiya, İtaliya, Rusiya, İsrail və Belarusda təşkil edilən kurslarda 80 həkim iştirak edib. Beynəlxalq əlaqələr çərçivəsində keçən il 69 gənc həkim rezidentin təhsilinin bir hissəsinin Almaniya və Türkiyədə keçirilməsi təşkil edilib. Keçən il beynəlxalq meyarlara uyğun olaraq yüksək ixtisaslı müalicə tədbirləri nəticəsində vaxtından əvvəl, 1000 qramdan az çəki ilə doğulan uşaqların 30 faizdən çoxunu həyatda saxlamaq mümkün olub.
“Şəkərli diabet xəstəliyi səbəbindən ölüm göstəricisində artım olmayıb”
Hesabatda qeyd olunub ki, ölkədə ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika davam edir. Belə ki, əgər 2010-cu ildə körpə ölümü göstəricisi 11,2, 2014-cü ildə 10,2 promildisə, 2015-ci ildə bu rəqəm 11 promil təşkil edib. Bu göstəricinin artması keçən ildən başlayaraq Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qəbul etdiyi daha sərtləşdirilmiş beynəlxalq diridoğulma meyarlarının respublikada tətbiqi ilə əlaqədardır. ÜST-nin məlumatına əsasən, yeni meyarlara keçid zamanı körpə ölümü göstəricisinin orta hesabla 20-25 faizə qədər artım gözlənilir. Azərbaycanda isə bu artım 10 faizdən az olub ki, bu da həmin göstəricinin əvvəlki illə müqayisədə yaxşılaşması deməkdir. Ana ölümü əmsalı 2014-cü illə müqayisədə hər 100 min diri doğulana 14,6-dan 14,4-ə kimi azalıb. Sənəddə o da bildirilir ki, ölkədə onkoloji xəstələrin sayı hər 100 min nəfərə 2014-cü ilə (101) nisbətən keçən il (106,8) bir qədər artıb. Bundan başqa, keçən il şəkərli diabet xəstəliyi səbəbindən ölüm göstəricisində artım olmayıb.
Artur Rəsizadə keçən il Azərbaycan iqtisadiyyatının inkişafında qeyri-neft sektorunun payının böyük olduğunu deyib:
“Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə aztəminatlı ailələrə 197 milyon manat ünvanlı dövlət sosial yardımı verilib. Qaçqın və məcbur köçkünlərin sosial problemlərinin həll edilməsi məqsədilə 430 milyon manat vəsait xərclənib. Regionların sosial iqtisadi inkişafı üzrə III dövlət proqramı çərçivəsində istehsal və sosial infrastrukturların yaradılması məqsədilə 16 milyard manat vəsait ödənilib. Regionlar üzrə 10 yarımstansiya tikilib, 430 yaşayış məntəqəsinə qaz verilib. 4 şəhərdə su təchiaztı başa çatıb. Ümumilikdə regionlar üzrə 269 sənaye müəssisəsi yaradılıb”.
Baş nazir bildirib ki, ötən 12 il ərzində regionlar üzrə ümumilikdə 25 elektrik stansiyası tikilib: “On minlərlə km elektrik xətti çəkilib. Qazlaşdırma 80% yüksəlib. 421 yeni körpü, keçid və yol qovşağı istifadəyə verilib. 384 yaşayış məntəqəsində su təmizləyici qurğu quraşdırılıb. 225 min məcburi köçkün və qaçqının sosial vəziyyətinin yaxşılaşdırılması məqəsədilə 4.6 milyard manat vəsait xərclənib. Hesabat ilində 250 min sahibkara kredit verilib ki, bunun da həcmi 1.7 milyard manat təşkil edir. Sahibkarlar üzrə yoxlamalar iki il müddətinə dayandırılıb”.
Artur Rasizadə onu da qeyd edib ki, hesabat ilində kənd təsərrüfatı məhsulu 6.6% artıb: “İxrac 7.2% yüksəlib. Bu faktlar deməyə əsas verir ki, Azərbaycan bu ildə iqtisadi inkişafa nail olacaq. Əhalinin sosial rifahı yüksəldiləcək”.
Nemət