“İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan Respublikası tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında” Qanun layihəsi Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən toplantısında müzakirə edilib.
Teleqraf.com-un xəbərinə görə, komitənin sədri Əli Hüseynli deyib ki, qanun layihəsi komitənin üzvü Rafael Cəbrayılov tərəfindən hazırlanıb və təqdim edilib. Onun sözlərinə görə, adıçəkilən sənəd Konstitusiya qanunu layihəsi olduğu üçün onun müzakirəsi və qəbulu da gələcəkdə müvafiq prosedurlardan keçirilməlidir.
Layihənin müəllifi Rafael Cəbrayılov isə qanunvericilik təşəbbüsü subyekti hüququndan yararlanaraq belə bir sənədi hazırladığını, eyni zamanda, onun hələlik bir ideya olduğunu söyləyib: “Çünki bu sənəd Konstitusiya qanunu layihəsi olduğu üçün onun müzakirələrə çıxarılması ən azı 63 millət vəkilinin dəstəyi, razılığı ilə müşayiət olunmalıdır. Onun qəbulu üçün isə ən azı 95 millət vəkilinin lehinə səsverməsi tələb olunur. Mən deputat həmkarlarımla da bu məsələ ilə bağlı fərdi qaydada söhbətlər etmişəm və onlar da ilkin razılıqlarını bildiriblər. Yəni onların ən azı 63-nün dəstəyini alandan sonra bu sənədi geniş müzakirələrə çıxarmaq və sonda plenar iclasa təqdim etmək mümkün olacaq”.
Deputat söyləyib ki, bu sənədlə Azərbaycan heç də üzərinə götürdüyü beynəlxalq öhdəliklərdən geri çəkilmir: “Burada Konstitusiyanın 130-cu maddəsinə müvafiq 3-cü hissənin əlavə olunması, yəni Konstitusiya Məhkəməsinə yeni səlahiyyətlərin verilməsini nəzərdə tutan əlavənin edilməsindən söhbət gedir”.
Sözügedən komitənin üzvü Fəzail Ağamalı həmkarının təklifini, təşəbbüsünü dəstəklədiyini və onun təqdim olunan sənədlə bağlı ətraflı məlumat verdiyini bildirib: “Çünki bu gün insan hüquqları və azadlıqları məsələsi ilə bağlı Azərbaycana qarşı qərəzli yanaşmalar və təzyiqlər var. Bu, heç kim üçün sirr deyil. Yəni ayrı-ayrı dövlətlərin təsiri və iradəsi altında olan beynəlxalq qurumlar vasitəsilə ölkəmizə təsir, təzyiq etmək, onu öz himayəsinə keçirmək, müstəqil dövlət və inkişaf xəttindən uzaqlaşdırmaq meyilləri mövcuddur. Ona görə də insan hüquq və azadlıqlarının müdafiəsi adı altında təsir və təzyiqlərin, qərəzli qərar və qətnamələrin önlənməsi üçün belə bir qanuna ciddi ehtiyac var”.
Nemət