“Mingəçevir Su-Elektrik Stansiyasının taleyi üçün narahat olmağa dəyməz. Mingəçevir SES-ə raket zərbəsi vurmaq haqqında düşünən erməni bilməlidir ki, bunun əvəzində Xankəndi Azərbaycanın uzaq mənzilli raketləri ilə yerlə yeksan ediləcək”.
Teleqraf.com-un xəbərinə görə, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
E.Şahinoğlu qeyd edib ki, Xankəndi Azərbaycanın öz torpağıdır, vurar, sonra da bərpa edər, ayrıca bizə də ziyanı olsa belə Ermənistanın Atom Elektrik Stansiyasını böyük təhlükə gözləyəcək: “Ümumiyyətlə hansısa erməninin “biz Mingəçevir Su-Elektrik Stansiyasına raket zərbəsi vura bilərik” sərsəmləməsinin mənası odur ki, müharibə Dağlıq Qarabağdan Ermənistan ərazisinə keçəcək. Əgər müharibəni evlərinə daşımaq istəmirlərsə, “Mingəçevir” ifadəsini gərək dillərinə gətirməsinlər”.
Qeyd edək ki, Mingəçevir SES hər zaman Ermənistanın Azərbaycana qarşı təhdid obyektlərindən biri olub. Hələ iki öncə 2014-cü ilin avqustunda Ermənistanın müdafiə naziri Seyran Ohanyan Mingəçevir SES-ə qarşı diversiya törədiləcəyi barədə fikirlər səsləndirmişdi. Aprelin əvvəlində baş verən silahlı qarşıdurmadan sonra bu məsələ yenidən aktuallaşıb.
Səxavət