Həbsdə olan Respublikaçı Alternativ Hərəkatının sədri İlqar Məmmədovun növbəti məhkəmə prosesinin vaxtı təyin edilib.
Teleqraf.com-un məlumatına görə, bu haqda Hərəkatın İdarə Heyətinin üzvü Natiq Cəfərli məlumat verib. Onun sözlərinə görə, işə aprelin 22-də Şəki Apelyasiya Məhkəməsində baxılacaq.
O, İlqar Məmmədovun məhkəmə zalından evə buraxılacağına ümid etdiyini söyləyib.
İlqar Məmmədov 2012-ci ildə İsmayıllıda baş verən hadisələrə görə həbs edilib. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bundan əvvəl Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə İlqar Məmmədovun apelyasiya şikayəti təmin olunmayıb. Amma ötən ilin oktyabrında Ali Məhkəmədə işə baxan hakimlər İlqar Məmmədovun apelyasiya şikayətinə yenidən baxılması barədə qərar qəbul edilib. Bu iş üzrə Müsavat başqanının müavini Tofiq Yaqublunun da adı keçir. 7 il 6 ay həbs cəzası alan Tofiq Yaqublu bu ilin martında Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilib.
Kəmalə