22 Aprel 2016 10:22
1 138
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müxalifət partiyaları son günlər Qarabağ münaqişəsi mövzusunda müzakirələr keçirməyə qərar verib.

Teleqraf.com xəbər verir ki, bu gün Milli Strateji Düşüncə Mərkəzi və Müsavat Partiyası “Qarabağ həqiqətləri və hədəflər” mövzusunda dəyirmi masa təşkil edəcək.

Aprelin 28-də isə bir neçə müxalifət partiyasının toplaşdığı “Anti-böhran” Koalisiyası da eyni mövzuda konfrans keçirəcək.

Qeyd edək ki, bir neçə gün əvvəl AXCP-nin dominant olduğu Milli Şurada Qarabağ münaqişəsi, cəbhədə baş verən hadisələr müzakirə edilib.

Vətəndaş Həmrəyliyi Partiyası isə Qarabağ müzakirələrini yekunlaşdırıb.

Keçirilən və nəzərdə tutulan toplantıları, əslində, müxalifətin revanş götürməsi üçün cəhd kimi də qiymətləndirmək mümkündür. Bunun nə dərəcədə uğurlu olub-olmayacağını zaman ortaya qoyacaq. İndilikdə görünən budur ki, siyasi partiyalar bu mövzuda dividend götürmək üçün qollarını çırmalayıb.

“Qarabağı Ermənistana verilməyəcək”

Siyasi şərhçi Zərdüşt Əlizadə hesab edir ki, bu günə qədər müxalifət Dağlıq Qarabağ münaqişəsinin həllinə dair ortaya hər hansı bir təkliflər paketi qoymayıb.

Mütəxəssis hesab edir ki, Qarabağ münaqişəsinin hərbi yolla həlli çətindir. Onun sözlərinə görə, bu münaqişə SSRİ dağılan zaman yaradılıb və əsas məqsəd bu regionu nəzarətdə saxlamaq, onu itirməmək olub.
Hazırda proses bu istiqamətdə davam edir: “Məntiqlə baxanda Azərbaycan əhalisi say baxımından Ermənistandan 6 dəfə çoxdur. İqtisadiyyatı, gücü, coğrafi yerləşmə amilləri baxımından da Azərbaycanın durumu daha münasibdir.

Amma hamı bilir ki, Ermənistanın strateji və hərbi müttəfiqi Rusiyadır. Rusiya heç vaxt istəməz ki, Ermənistan məğlub duruma düşsün. Bunu bizim siyasi elita da gözəl bilir. Lakin Qarabağın Ermənistana verilməsi məsələsi də olmayacaq. Bizim müxalifətin bu sadə vəziyyəti qiymətləndirməsinə baxın. Müxalifət hələ o zaman hakimiyyətdə olmayanda demokratiyadan danışırdı, qeyd edirdi ki, demokratiya Qarabağın açarı ola bilər. Elə ki, AXC İsa Qəmbərlə Əbülfəz Elçibəyin əlinə keçdi, bundan sonra prinsip belə oldu “harada gördün erməni, vur başına gülləni”.

Sonra AXC hakimiyyətə gəldi və müharibəni genişləndirdi. Əslində, Ermənistana, elə Rusiyanın özünə də bu lazım idi. Nəticədə Qarabağda müharibə, Bakıda vəzifə davası gedirdi. Levon Ter-Petrosyan açıq qeyd etmişdi ki, onların qələbəsinə səbəb Bakıda vəzifə və hakimiyyət davasının getməsi olub”.

“Müxalifət sülh potensialından qorxur”

Zərdüşt Əlizadə qeyd edib ki, hazırda Ermənistan müxalifəti hakimiyyətindən daha radikal, daha betərdir:
“Onlar hakimiyyəti suçlayır ki, Azərbaycanla bağlı ciddi və radikal tədbirlərə al atmır. Azərbaycan müxalifəti erməni müxalifəti qədər radikaldır. Müxalifət sülh potensialından qorxur. Düşünür ki, birdən Qarabağ münaqişəsi sülh və danışıqlar vasitəsilə həllini tapar. Bu halda hakimiyyəti nədə tənqid edəcək? Müxalifət hakimiyyəti tənqid edir ki, Qarabağı almırsan, ancaq özü də sülh potensialından danışmır. Bu cür müxalifət Qarabağ münaqişəsinin həllinə dair ciddi, beynəlxalq miqyasda işləyən kəsərli təklif irəli sürübmü? Yox. Vaxtilə ASDP belə bir təklif irəli sürüb.

O zaman mən, Arzu Abdullayeva və digər şəxslər orada olanda təkliflər paketi irəli sürmüşdük. İkincisi, xatırlayırsınızsa, bir zaman Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi meydana çıxdı. O zaman Qarabağ Şurası və REAL bu addıma müsbət yanaşdı, belə addımı strateji baxımdan Azərbaycan üçün xeyirli ola biləcəyini ifadə etdi. Ancaq digər müxalifət fərqli mövqe tutdu. Biz müsəlman ölkəsiyik, müxalifət rəhbərləri də müsəlmandır. Müsəlmanlar da ittifaq yaratmaq məsələsində geridədir. Baxın, hazırda ortada bir şey yoxdur, amma bizim müxalifət parçalanıb, hamısı bir-birilə düşməndir. Başqa bir müxalifətçinin irəliləməsini heç zaman həzm edə bilmirlər. Aralarında da şəxsi mənlikdən doğan inciklik var”.

“REAL və ADR Hərəkatından başqa müxalifət görmürəm”

Zərdüşt Əlizadə qeyd edib ki, Azərbaycan müxalifəti görüntüdür: “REAL Hərəkatını çıxmaq şərti ilə müxalifət görmürəm. Düzdür, ADR Hərəkatı təzə yaradılıb, ancaq mən onların Qarabağ konsepsiyası haqda bir şey bilmirəm. Əgər bu konsepsiyasını açıqlasalar, baxaram, dəvət etsələr, məmnuniyyət müzakirələrində iştirak edərəm. Heç REAL-ın da Qarabağ konsepsiyası yoxdur. Lakin REAL-da toplaşan insanlar savadlıdır və düşünmək qabiliyyətləri var, ehkamlar içərisində məhbus deyillər. Bir sözlə, REAL və ADR Hərəkatında potensial görürəm. Çox istərdim ki, Ədalət Partiyası cəsarətli olsun, zəkadan çıxış edərək təklif versinlər. Digər partiyalardan hər hansı bir şey gözləmirəm”.

Politoloq hesab edir ki, bizdə olan partiyalar daha çox öz maraqlarını, karyeralarını düşünürlər: “Vaxtilə qısa müddətdə bildirçin bəyliyi oldu, hakimiyyətdə oldular və ondan sonra da başları gicəllənir. Adi vətəndaş kimi düşünmürlər”.

Rafiq Manaflı: “Zərdüşt Əlizadə bizi nə adam hesab edir, nə də müxalifət sayır”

Milli Şuranın üzvü, VHP Ali Məclisinin sədri Rafiq Manaflı bildirib ki, təklif deyəndə konkret nəyin nəzərdə tutulduğunu anlamaqda çətinlik çəkir: “Qarabağ, danışıqlar məsələsi və formatla bağlı təkliflər olub. Amma bu işlə hökumət məşğul olur. Təklflər müsahibələr, açıqlamalar formasında irəli sürülür. Ancaq rəsmi olaraq təkliflərin konkret ünvanlara göndərilib-göndərilmədiyi haqda məlumatsızam”.

“Qarabağ müharibə ilə qaytarılmalıdır”

Manaflı qeyd edib ki, Zərdüşt Əlizadənin müxalifət barədə dediklərini anlayır: “Qarabağ Azərbaycana qaytarılmalıdır. Sülh danışıqları ilə geri qaytara bilməyəcəyik. Müharibə ilə qaytarılmalıdır. Aprel hadisələri də bunu göstərdi. Qarabağ münaqişəsi artıq 25 ildir ki, mövcuddur. Bu təzə məsələ deyil ki, durub təkliflər paketi irəli sürsün. Bu müddətdə hər kəs təkliflərini irəli sürüb. Təklif elə müsahibələrlə verilir, gərək mütləq məktub yazmalısan?”.

Manaflı qeyd edib ki, Zərdüşt Əlizadə 20-ildən çoxdur ki, ənənəvi müxalifəti qamçılayır: “Zərdüşt Əlizadə bizi nə adam hesab edir, nə də müxalifət sayır. İndiyə qədər əlini bir daşın altına verməyib, bir daşı qaldırıb təpənin üzərinə qoymayıb. Bütün fəaliyyəti tənqid üzərində qurulub, xüsusilə, ənənəvi müxalifəti ləkələməklə məşğuldur”.

Cavad


Müəllif:

Oxşar xəbərlər