İsrailin Baş naziri Benyamin Netanyahu bu il Azərbaycana səfər edəcəyini bəyan edib.
Teleqraf.com-un president.az-a istinadən verdiyi məlumata görə, İsrail Baş naziri Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlandığı məktubda bu barədə qeyd edib.
O, 28 May Respublika Günü münasibətilə göndərdiyi təbrik məktubunda vurğulayıb ki, İsrail Azərbaycan ilə əlaqələrinə yüksək dəyər verir:
“Diplomatik əlaqələrin yaranmasının 24 ili ərzində biz həqiqi dostluq və qarşılıqlı maraqlara əsaslanan güclü, strateji tərəfdaşlıq münasibətləri yaratmışıq. Sizin rəhbərliyiniz ilə ölkələrimiz arasında münasibətlər yeni səviyyəyə yüksəlib. Əminəm ki, ölkələrimizin əməkdaşlıq əlaqələri daha da genişlənəcək. Ümidvaram ki, razılaşdığımız kimi, bu il ərzində Azərbaycanda görüşə biləcəyik.
Zati-aliləri, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 98-ci ildönümü müstəqilliyiniz bərpa ediləndən bəri ölkənizin qazandığı nailiyyətlərin qeyd edilməsi üçün yaxşı imkandır. Bu əlamətdar gündə mən ölkələrimiz arasındakı dostluğa sadiqliyimi bir daha təsdiq edirəm. Sizə, ailənizə və xalqınıza rifah, uğur və davamlı inkişaf diləyirəm”.
Nərgiz