“Rusiya iqtisadiyyatının tənəzzülü Qərbin tətbiq etdiyi sanksiyalarla bilavasitə bağlı deyil. Yəni, sanksiyaların tətbiq olunmasından və neftin ucuzlaşmasından əvvəl də Rusiya iqtisadiyyatında durğunluq var idi. Bunun da çox sadə izahı var. Sən ya qazancı iqtisadiyyata qoymalı, iqtisadiyyatı inkişaf etdirməlisən, ya da onu oğurlamalısan. Əgər oğurlayırsansa, demək bilməlisən ki, daha qurtardı, sənin inkişafın yoxdur. Rusiya hakimiyyəti də səhərdən axşamadək ölkə iqtisadiyyatını talan edirdi. Pulları ötürürlər xaricə, bahalı mülklər, imarətlər, torpaq, aksiyalar və sair alırlar. Yəni, Rusiya rəhbərliyi vətənpərvər deyil, ölkəni deyil, yalnız özlərini, öz ciblərini düşünürlər”.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib.
Onun sözlərinə görə, belə hakim zümrəsi olan bir ölkə heç vaxt inkişaf edə bilməz: “2008-ci ildə dünya maliyyə böhranı başladı, sonra Rusiyaya keçdi. Rusiya sonra bərpa oluna bilmədi, ta indiyədək bu cür də davam elədi. Sanksiyalar tətbiq edildikdən sonra vəziyyət daha da ağırlaşıb. Nəyə görə? Rusiyada iritutumlu, yüksək texnologiyalı məhsul istehsalı çox azdır. Yəni, əgər Sinqapur dünya iritutumlu, yüksək texnoloji məhsulunun 6 faizini verirsə, Rusiya bundan 10 dəfə az, 0,06 faizini verir. Nəyə görə? Elmə fikir vermirlər, insanlar arasında qabiliyyətinə görə rəqabət yoxdur. Sırtıq istedadlının başını əzir. Alimlərə çox az maaş verirlər, hamı xaricə qaçır. Həm də ki, elm tutumlu məhsul buraxmaq üçün stimul yoxdur. Bununla bağlı xüsusi tədqiqatlar var. Nə üçün Rusiya elm tutumlu məhsul istehsalı üzrə geridə qalıb. Rusiyanın hətta hərbi sənayesinin istehsal etdiyi hərbi məhsulların belə yüksək faizi Qərbdən gələn hissələrlə düzəldilirdi. Ruslar bu məmulatlardan istifadə edərək hərbi məhsullar hazırlayır və onu Qərb ölkələrinə satırdı. Sanksiyalar tətbiq olunduqdan sonra artıq ruslar həmin hərbi məhsullara Qərbin məmulatlarını qoya bilmədilər. Ona görə də indi pis gündədirlər. Dövlət sifarişi ilə bu işi həyata keçirə bilmir, pul ayrılır, amma almağa yer tapa bilmirlər, Qərb isə satmır”.
Z.Əlizadə qeyd edib ki, bundan başqa Rusiyanın hakim zümrəsində çat əmələ gəldi: “Bu yaxınlarda – üç gün əvvəl Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin dedi ki, Rusiya iqtisadiyyatının inkişafı üçün biz siyasi riskləri azaltmalıyıq. Qərbə kəllə atmamalı, xarici macəralara qoşulmamalıyıq. Putin dedi, yox, biz suverenliyimizi heç kimə sata bilmərik. Yəni, bunun səfeh siyasəti davam edəcək. Bunun da nəticəsi bəllidir. Sanksiyalar davam edəcək, beləliklə də, Rusiyanın tənəzzülü davamlı olacaq. Ötən il ümumi daxili məhsul 3 faiz düşmüşdü, bu il nəzərdə tutulub ki, təxminən 3 faiz düşəcək. Ukraynada düşürsə, bunu başa düşmək olar. Ölkədə vətəndaş müharibəsi gedir, ərazilərin bir qismini itirib və sair. Amma Rusiyada belə bir tənəzzülün ardıcıl olaraq davam etməsi yalnız onu göstərir ki, hakim zümrə səmərəsizdir. Qaragüruhu, cahil xalqı “ay biz, Krımı tutduq, böyük uğur qazandıq” kimi səfeh-səfeh sözlərlə aldatmaq mümkündür. Necə ki, Ermənistanda erməni xalqını aldadırlar ki, biz Qarabağı almışıq, Qarabağ bizimdir. Amma heç kim onu tanımır. Nə Rusiyanın Krımı tutmasını, nə də Qarabağı erməni torpağı kimi heç kim tanımır. Amma xalqları aldada bilirlər. Yəni, belə bir vəziyyətdir. Onlar sivil xalq yaratmışdılar. Ölkədə inkişaf gedirdi. Amma bu inkişaf sürətlə xərclənir və ən tezi 2017-ci ilin sonlarında, 2018-ci ilin əvvəlində bu xərclənib gedəcək. Onlar sonra əllərini açıb dilənməyə başlayacaqlar. Gedəcəklər Beynəlxalq Valyuta Fonduna, deyəcəklər vermirik. Düzdür, belə fikirlər də var ki, Putin o zaman Avropaya deyəcək ki, pul verməsəniz sizin başınıza bomba atacam. Edə bilər. O qədər də əxlaqı yüksək deyil ki, mən deym Putin bəşəriyyəti şantaj etməyəcək, hədələməyəcək. Amma hər halda indiyə kimi özünü çox ağayana, ötkəm aparırdı, pulu var idi. İndi pulu qurtarır, ölkəni də idarə edə bilmir, ölkənin normal iqtisadi siyasət strategiyası yoxdur. Pul olanda sağa-sola xərcləyir, qış olimpiya oyunları keçirdilər, dünya çempionatı keçirdilər, stadion tikirlər və sair. Amma xalq pis gündə yaşayır. Özünüz gördünüz ki, Medvedyev Krımda olanda pensiyaçı qadın kəskin şəkildə dedi ki, bu pensiya ilə dolanmaq mümkün deyil axı… O da dedi ki, pul olanda verərik. İndi isə sizə can sağlığı və şad ömür arzulayıram. Vəssəlam. Bu da baş nazirin vətəndaşın narazılığına cavabı”.
Z.Əlizadə qeyd edib ki, Rusiya səmərəsizliyinə görə bu gündədir: “Ona görə ki, qanunlar işləmir. Ona görə ki, ağıllı adamlar qapaz və təpik altındadırlar. Müxalifəti əziblər, yaxud satın alıblar. Hamı bilir ki, Kommunist Partiyası müxalifət deyil, o da elə Kremlin müxalifət rolunu oynayan bir şöbəsidir. Vətənpərvər adamlara da pis baxırlar. Rusiyada düşünən beyinlər, ağıllı adamlar, görkəmli alimlər var. Amma onlar çərləyirlər və onları eşidən yoxdur. Oğrular və səfehlər at çapırlar. Ona görə də bu ölkənin gələcəyi yoxdur. Neçə görkəmli alim hesablayırlar, baxırlar və deyirlər ki, rublun, Rusiyanın, iqtisadiyyatın taleyi pisdir. Ümumiyyətlə, Rusiyanın aşınma və dağılma prosesi gedir”.
Səxavət HƏMİD