UEFA Türkiyənin İstanbul şəhərinin "Atatürk" aeroportuna terror hücumuna görə həyatını itirən şəxslərin AÇ-2016-nın oyunlarından öncə bir dəqiqəlik sükutla yad edilməyəcəyini açıqlayıb.
Komanda.az xəbər verir ki, "Associated Press" agentliyinin müxbiri Rob Harrisin UEFA-ya göndərdiyi sorğunun cavabında qitənin ali futbol qurumunun rəhbərliyi AÇ-2016-nın oyunlarından öncə bir dəqiqəlik sükut olmayacağını bildirib. Səbəb kimi isə terror, təbii fəlakət kimi faciələrin futbola aidiyyatı olmadığı və turnirdə iştirak edən ölkələrdən hansısa birində baş vermədiyi müddətdə bir dəqiqəlik sükut tətbiq olunmadığı göstərilib.
UEFA-nın bu açıqlamasından sonra sosial şəbəkələrdə quruma qarşı olan etirazlar bir xeyli artıb. Belə ki, Türkiyənin AÇ-2016-nın iştirakçılarından biri olduğunu vurğulayan istifadəçilər, UEFA-nın addımını düzgün saymayıb.
Xatırladaq ki, ötən il Parisdə baş vermiş terror aktından sonra UEFA öz bayrağı altında keçirilən bütün oyunları bir dəqiqəlik sükutla başlamış, futbolçulara isə oyunlara qollarında qara sarğıyla çıxmaq öhdəliyi qoyulmuşdu.