Portuqaliya yığmasının heyətində AÇ-2016-nın qalibi adını qazanan Kriştianu Ronaldo mövsümün yorğunluğunu çıxartmaqla məşğuldu.
Britaniya mətbuatı xəbər verir ki, Madrid “Real”ının düşərgəsinə qoşulmayan ulduz futbolçu hazırda ABŞ-da istirahətdədi.
Las-Veqasda olan Ronaldo fürsətdən istifadə edərək, tanınmış müğənni və aktrisa Cennifer Lopesin doğum günü ilə bağlı keçirdiyi konsertə qatılıb. İki gün öncə gecə klublarından birində baş tutan konsertə tanınmış simalar təşrif buyurublar ki, onların sırasında 31 yaşlı futbolçu da olub.
Təbriklərini çatdıran Ronaldonun Lopeslə isti münasibəti fotoqrafların diqqətindən yayınmayıb. Şən görünən Kriştianu bütün gecəni Lopesin rəqslərindən və ifa etdiyi musiqilərdən əylənərək keçirib.
Qeyd edək ki, hazırda zədəli olan Ronaldo bir neçə gün öncə tanınmış döyüş ustası Konor MakQreqorla görüşmüşdü. “İnstagram”da irlandiyalı idmançı ilə şəklini paylaşan Ronaldo “Qardaşım, səni görməyə şadam” sözlərini yazmışdı. /Apasport/