"Bizi çətin oyun gözləyir. Çexiya AÇ-2016-da iştirak edib. Bu komanda seçmə mərhələyə uğursuz başlayıb. Rəqib son oyunda Almaniyaya uduzub. Bizə qarşı var qüvvələriylə oynayacaqlar. Sabahkı oyunda əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq. Norveçlə oyundan sonra komanda tam hazırdır".
Qol.az-ın məlumatına görə, bu sözləri millimizin baş məşqçisi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsində Çexiya ilə oyun öncəsi keçirilən mətbuat konfransında deyib.
Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.
- Sabahkı oyunda heyətdə hansı dəyişiklər olacaq?
- Biz hər rəqibə hörmətlə yanaşırıq. Rəqibdən qorxmuruq. Komandama inanıram. İnanıram ki, sabah şans verəcəyim bütün oyunçular özlərini ən yaxşı tərəfdən göstərəcəklər ki, evə xalla qayıdaq. Heyətlə bağlı dəyişikliklər olacaq. Rəşadın vəziyyətinə baxacağıq. Dizində zədəsi var. Bugünkü məşqdən sonra tam qərar verəcəyik ki, sabahkı oyunda oynayacaq, yoxsa yox.
Sabah qapıda Kamran Ağayev olacaq, müdafiədə Məhəmməd Mirzəbəyov, Rəşad Sadıqov və ya Bədavi Hüseynov, Maksim Medevedev, Arif Daşdəmirov, yarımmüdafiədə Namiq Ələsgərov, Rahid Əmirquliyev, Qara Qarayev, Dmitri Nazarov, Ruslan Qurbanov, hücumda Ramil Şeydayev oynayacaq.
- Azərbaycan millisi sabah hansı oyunu sərgiləyəcək?
- Futbol elə idman növüdür ki, həmişə məşqçinin planları baş tutmur. Rəqib onun planlarını pozur. Bayaq da dedim, biz rəqibə hörmət edirik, ancaq qorxmuruq. Mən və futbolçularım sabahkı oyunu səbrsizliklə gözləyirik. Sabah komandamdan gözəl oyun gözləyirəm. Komandada motivasiya çox yüksəkdir. Əlimizdən gələni edəcəyik ki, sabah yaxşı futbol göstərək və yaxşı nəticə əldə edək.
- San Marino ilə oyunda Şeydayevin start heyətində olmaması narazılıqla qarşılanmışdı. Ancaq sabah ona əsas heyətdə şans verəcəksiz. Qərarınıza nə təsir etdi?
- Azarkeşlərin fikri bizim üçün vacibdir. Ancaq baş məşqçi kimi heyəti mən müəyyənləşdirirəm. Çünki, nəticəyə mən cavabdehəm. Şeydayev ilk dəf San Marino ilə oyundan öncə milliyə qoşuldu. Həmin vaxt özünü yaxşı tərəfdən göstərmişdi. İndi də məşqlərdə özünü yaxşı tərəfdən göstərdi. Mən də, onu sabahkı oyunda əsas heyətdə meydana buraxmaq qərarına gəldim. Bu da, bizim sabah necə futbol oynayacağımızı göstərir. Ona start heyətində şans verməyimdə Norveçlə qarşılaşmadakı oyunu da rol oynadı. Təəssüf edirəm ki, o, “Trabzonspor”da heyətə düşə bilmir.