21 Aprel 2017 17:30
3 160
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarına ciddi hazırlıq

Teleqraf.com-un “Tatami” layihəsinin budəfəki qonağı tanınmış karate ustası, 5 qat dünya, 12 qat Avropa çempionu Rafael Ağayevdir.

Arayış:

Ağayev Rəfael Mahir oğlu 4 mart 1985-ci ildə Sumqayıt şəhərində anadan olub. 2003-cü ildə Sumqayıt şəhəri 21 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Təkmübarizlik” fakültəsinə daxil olub. “Güləşmə və onun metodikası” kafedrasının nəzdində karate üzrə məşqçi-müəllim ixtisası üzrə təhsil alıb. 2007-2008-ci illərdə həqiqi hərbi xidmət keçib. Daha sonra perspektivli idmançı kimi müdafiə nazirliyinin idman klubuna göndərilib.

7 yaşından futbolla, eyni zamanda ilk məşqçisi Rəfael Məmmədovun məktəbində karate ilə məşğul olmağa başlayıb. Respublika yarışlarındakı uğurlu iştirakı diqqəti cəlb etmiş və Füzuli Musayevin rəhbərliyi altında məşhur idman klublarından biri olan “Budokan”da məşqlərə başlayıb.

İlk respublika çempionatında bütün rəqibləri üzərində inamlı qələbəsindən sonra Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun da diqqətini cəlb etməyi bacarıb. Millimizin tərkibində ilk beynəlxalq yarışı 1997-ci ildə, Mişkolsda (Macarıstan) keçirilən açıq Dünya Kuboku olub. Təəssüf ki, ilk yarışlarda uğur qazana bilməyib. Amma növbəti il İngiltərənin açıq çempionatının qalibi olur və bugünədək də həmin qalibiyyət davam edir.

2001-ci ildə Afinada (Yunanıstan) keçirilən Gənclər və Yeniyetmələr arasında iştirak etdiyi ilk Dünya çempionatı komanda hesabında 3-cü yerə yüksəlir. Növbəti il isə Avropa çempionu olur. Beləliklə o, bu gün də öz çəki kateqoriyasında liderliyi saxlayır. Rəfael Ağayev bu gün dünyanın ən güclü karateçilərindən biridir. Karatedə bütün yüksək uğurlara nail ola bilib.

O, bir Dünya çempionatında iki qızıl medal qazanmaqla rekorda imza ata bilib. Bu, 2008-ci ildə Tokioda (Yaponiya) keçirilən 18-ci Dünya çempionatında baş verib. Orada o, 70 kq-a qədər çəki kateqoriyasında və açıq çəki kateqoriyasında (open) qələbə qazanıb. Ümumdünya Karate Federasiyasının Prezidenti Antonio Espinos Rəfael Ağayevi “Dünya karatesinin brilyantı” adlandırıb.

Peşəkar idmançı olaraq müxtəlif təlim-məşq seminarlarının, toplanışların, turnirlərin keçirilməsi üçün beynəlxalq dəvətlər alır. Rəfael Ağayevin bu təlimlərə qatılması karate idman növünün favoritləri – Fransa, Almaniya, İspaniya, ABŞ, Kanada və başqa ölkələrin xüsusi marağındadır. Bu ölkələrdə ən yaxşı mütəxəssislər Rəfaelin döyüş üsulları və taktikasını diqqətlə izləyir və öyrənmək istəyirlər. Bütün bu cəhdlərə baxmayaraq Rəfael Ağayev hər dəfə fərqli döyüş taktikası seçərək rəqiblərini üstələyir.

Qeyd edək ki, dünyada canlı əfsanə adlandırılan idmançımız bugünlərdə Mərakeşdə növbəti qalibiyyətini qazanıb. O, 34 ölkədən 384 idmançının qatıldığı karate üzrə Rabat Premyer Liqasının qalibi olub. “Karate1” yarışında iştirak edən təmsilçimiz ardıcıl 6 yarışda rəqiblərini məğlub edib. 75 kiloqram çəki dərəcəsində karatenin kumite növü üzrə çıxış edərək finalda Səudiyyə Ərəbistanından olan Raef Alturkistani ilə qarşılaşıb. Rəqibini 2:0 hesabı ilə məğlub edərək qızıl medalın sahibi olub.

İdmançımızla layihə çərçivəsində elə tatami üzərində görüşdük. Rabat Premyer Liqasından iki gün öncə qayıtmasına rəğmən növbəti qalibiyyətinə hazırlaşırdı. Onu qarşıda "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları, bizi isə növbəti qələbə sevincləri gözləyir. Uğurlar!

Elçin MURAD


Müəllif:

Oxşar xəbərlər