29 Aprel 2017 19:35
885
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun fərdi və qrup hərəkətlərində qaliblərinin və mükafatçılarının mükafatlandırılma mərasimi keçirilib.

Trend-in məlumatına görə, mərasimdə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) texniki nümayəndəsi Daniela Dellekyai, Milli Gimnastika Arenasının direktoru Maqsud Fərzullayev, Azərbaycan Gimnastika Federasiyasının beynəlxalq əlaqələr üzrə meneceri Mehman Əliyev, Azərbaycanın bədii gimnastika yığmasının baş məşqçisi Mariana Vasileva, Azərbaycan Gimnastika Federasiyasının baş katibinin müavini Nurlana Məmmədzadə, Bədii gimnastika üzrə Azərbaycan yığmasının lideri Marina Durunda iştirak ediblər.

Həmçinin ən yaxşı ifaya və ən yüksək bala görə xüsusi təsis edilmiş mükafatı Azərbaycan gimnastika Federasiyasının AGF Trophy təqdim olunub.

Fərdi çıxışlarda Rusiya gimnastı Aleksandra Soldatova mükafata layiq görülüb, qrup komandaları arasında isə İtaliya yığması.

"AGF Trophy"ni gimnastlara Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov təqdim edib.

Qeyd edək ki, aprelin 28-də Bakıda bədii gimnastika üzrə FIG Dünya Kuboku yarışlarına start verilib. Aprelin 30-dək davam edəcək yarışlara 21 ölkədən 94 gimnast qatılıb. Onlardan 34 nəfəri fərdi proqramda, 58 nəfəri isə ümumilikdə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edir.

Ölkəmizi bu turnirdə yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, istedadlı gimnast Zöhrə Ağamirzəyeva, həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edirlər.

Yarışlarda tamaşaçılar Azərbaycanın tanınmış gimnastları ilə yanaşı, bir çox xarici favorit idmançıların da çıxışlarını izləmək şansı əldə edəcəklər. Belə ki, yarışlarda 2 qat dünya çempionu və Avropa çempionu Aleksandra Soldatova (Rusiya), Avropa çempionatının bürünc mükafatçısı Zelikman Nikol (İsrail) və Rusiya (Olimpiya Oyunlarının qızıl medalçısı), İspaniya (Olimpiya Oyunlarının gümüş medalçısı), Bolqarıstan (Olimpiya Oyunlarının bürünc medalçısı), Belarus (dünya çempionatının bürünc mükafatçısı) qrup hərəkətləri komandaları iştirak edirlər.


Müəllif:

Oxşar xəbərlər