1 İyun 2017 19:58
1 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənclər və İdman Nazirliyinin dəstəyi, “Qəbələ” Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə iyunun 6-da Qəbələ rayonunda gənclər arasında olimpiya atıcılıq növləri üzrə dünya kuboku uğrunda yarışlara start veriləcək.

Teleqraf.com xəbər verir ki, Qəbələnin Bum qəsəbəsindəki Stend və Ox Atıcılığı Kompleksində təşkil ediləcək yarışlarda 45-dən çox ölkədən 900-ə yaxın idmançı, eləcə də rəsmi qonaqlar iştirak edəcək. Onlar arasında dünyanın tanınmış atıcıları, eləcə də dünya və Avropa çempionları, olimpiya oyunlarının qalibləri də olacaq. İyunun 14-dək davam edəcək mötəbər yarışda güllə atıcıları 10 dəst medal uğrunda mübarizə aparacaqlar. Oğlan və qızlar yarış zamanı tapança və tüfəngdən 10, 25 və 50 metr məsafəyə atəş açaraq hədəfi vurmaq uğrunda bacarıqlarını nümayiş etdirəcəklər.

Hazırda "Qəbələ" Atıcılıq Klubu tərəfindən bu beynəlxalq yarışa ciddi hazırlıq işləri görülür. Bir neçə ölkədən idmançıların yarışdan öncə Qəbələyə gələcəyi və təlim-məşq toplanışlarında iştirak edəcəyi gözlənilir. Yarışın rəsmi açılış mərasimi iyunun 7-də olacaq.

Qeyd edək ki, Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planına uyğun olaraq keçiriləcək bu yarış Avropa və Dünya çempionatından sonra ən mühüm yarışlar sırasındadır.


Müəllif: Teleqraf.com