9 Sentyabr 2017 20:10
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Belə oyundan sonra danışmaq çox çətindir. Komanda yeni formalaşıb. Yayda komandaya 15 yeni futbolçu qoşulub. Birinci dəstədən, əvəzedicidən komandaya cəlb olunan futbolçu çoxdur. Onların uyğunlaşması üçün vaxt lazımdır”.

"Report" xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının IV turunda səfərdə “İnter”ə 2:3 hesabı ilə uduzan “Kəpəz”in baş məşqçisi Şahin Diniyev deyib.

51 yaşlı mütəxəssis oyundan sonra jurnalistlərin suallarını da cavablandırıb:

- Təəssüf ki, əldə etdiyimiz fürsətlərdən istifadə edə bilmədik. Ancaq heç nədən qollar buraxdıq. Əvvəl də dediyim kimi, bizdə oyunun taleyini dəyişəcək oyunçu yoxdur. İlk 3 oyundan fərqli olaraq, bu matçda qol fürsətləri yarada bildik. İnanıram ki, bu komandanı ayağa qaldıra biləcəyik. Hələ heç nə bitməyib. Keçən mövsümə də pis başlamışdıq. Ancaq sonradan özümüzə gəldik. Heç nəyə baxmayaraq, “Kəpəz”ə sonuncu pillə yaraşmır. Məncə, bu gün məğlubiyyətə layiq deyildik.

Azər Məmmədovu əvəz etdikdən sonra oyunu tribunadan izlədi...

- Onu əvəzləməyimə səbəb heç də zəif oyunu deyildi. İki qol buraxdıqdan sonra hücumameyilli oyunçu buraxmalı idim. Buna görə, Azəri əvəzlədim.

İkinci hissədə referi Əliyar Ağayev sizə yaxınlaşıb xəbərdarlıq etdi. Sonra isə gülərək oradan uzaqlaşdı. Aranızda hansı dialoq yaşandı?

- Heç vaxt qaydaları pozmuram. Həmin vəziyyətdə də ciddi bir şey olmamışdı. Sadəcə, xəbərdarlıq etdi. Oyun zamanı bir qədər emosional ola bilərəm. Lakin heç vaxt kimisə təhqir etmirəm.


Müəllif: Teleqraf.com