Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun son oyunu keçirilib.
Teleqraf.com-in məlumatına görə, "Bakcell Arena"da "Neftçi" "Qəbələ"ni qəbul edib. Görüş qonaqların əzmkar qələbəsi ilə yekunlaşıb - 3:2.
Meydan sahibləri hesabda iki dəfə önə keçiblər. 19-cu dəqiqədə Emin Mahmudov Azərbaycan çempionatında ilk qolunu vurub. Bu, həm də "Neftçi" və "Qəbələ" arasındakı görüşlər tarixində 100-cü qol olub.
Lakin tezliklə "Qəbələ"nin hücumçusu Baqali Dabo yan xətt hakimi Zeynal Zeynalovun səhvindən sonra təyin olunmuş künc zərbəsindən sonra bərabərlik qolunu vurub. Fransalı hücumçu aktivindəki qolların sayını 6-ya çatdıraraq, bombardirlər siyahısında vahid liderə çevrilib. İlk yarı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
İkinci hissə başlar-başlamaz "Neftçi" ikinci qolu vurub. Bu dəfə künc zərbəsindən sonra Kirilo Petrov fərqlənib. Lakin 56-cı dəqiqədə flaqmanın sabiq futbolçusu Ruslan Qurbanov penaltini dəqiq yerinə yetirərək, tarazlığı yenidən təmin edib. Oyunda son nöqtəni isə 80-ci dəqiqədə "qırmızı qaralar"ın daha bir fransalı hücumçusu Baqali Dabo qoyub.
Bu qələbə sayəsində xallarını 25-ə çatdıran "Qəbələ" 3-cü, 13 xala malik "Neftçi" isə 5-ci pillədə qalıb. Digər tərəfdən, "Qəbələ" "Neftçi" ilə Premyer Liqa görüşlərində qələbə sayında bərabərləşib. Artıq hər iki komandanın 15 qələbəsi var. Lakin son 4 qarşılaşmada meydan sahibi qalib gəlmişdisə, bu dəfə ənənə pozulub. "Neftçi” son 8 görüşdə cəmi 1 qələbə əldə edib.
19 noyabr (bazar)
17:00. "Neftçi” – "Qəbələ” - 2:3
Qollar: Emin Mahmudov, 19. Kirilo Petrov, 48 - Baqali Dabo, 21. Ruslan Qurbanov, 56-penalti ilə. Stiven Jozef-Monroz, 80
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Əli Hüseynov
"Bakcell Arena”