30 Noyabr 2017 12:15
1 650
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:17

Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində baş tutan “Neftçi” – “Keşlə” oyunu böyük qalmaqala səbəb olacaq. Meydan sahiblərinin 3:1 hesabıyla qalib gəldiyi matçda qonaqların könüllü təslim olmasına dair ehtimallar təsdiqini tapır.

Bu oyun yüksək səviyyədə araşdırılır və ilk addımlar da atılıb. Dünən “Keşlə”nin baş məşqçisi Ramiz Məmmədovun 2 futbolçunun – Nizami Hacıyev və Mirhüseyn Seyidovun komandadan uzaqlaşdırılması haqda açıqlamasından bir neçə saat sonra şok hadisə baş verib. Axşamüstü hər iki oyunçu müvafiq orqanlar tərəfindən saxlanılıb və hazırda dəmir barmaqlıqlar arxasındadırlar.

“Neftçi” ilə oyundan sonra Ramiz Məmmədovun “səbələri açıqlasam, böyük partlayış ola bilər” sözləri təsadüfi deyilmiş. Sən demə, “Keşlə”nin çalışdırıcı olaylardan xəbərdar imiş. O, komandanın əksər oyunçularının bilərəkdən uduzduğunu meydanda sərgilədikləri futbola görə hiss edibmiş. “Neftçi” ilə matçdan öncə məşqçi olayların belə axar alacğından duyuq düşübmüş. Amma mümkün məğlubiyyətin məsuliyyəti altında qalmamaq üçün həmin futbolçuları meydana buraxıb və şübhələri doğrulub.

Bizdə olan bilgiyə görə, “Neftçi ilə oyunda start heyətdə meydana daxil olan futbolçuların böyük əksəriyyəti bu plana qulluq edirmiş. Matçın şübhəli olması barədə ehtimallarımızı hələ oyun bitən kimi açıqlamışdıq. Sən demə, Orxan Sadıqlı, Sertan Taşkın, Adrian Skarlatke və Pərdis Fərcad-Azaddan başqa bütün futbolçular könüllü məğlubiyyətə razılaşıb. Düzdü, bəziləri plana qoşulmayıb, amma adlarını çəkdiklərimiz kimi, etiraz da etməyiblər.

Baş rolda “Neftçi” ilə müqavilə bağlamağa hazırlaşan Hacıyev və futbolçular üzərində gizli hökmranlığı olan Seyidov olub. İlk olaraq komandadan bu futbolçuların qovulması və hüquq-mühafizə orqanları tərəfindən məhz onların saxlanılması da təsadüfi deyil. Yaxın günlərdə bu işdə əli olan digər futbolçuları da eyni aqibət gözləyir.

Bəs, bu könüllü təslimçiliyin səbəbi nədir? Bildiyimizə görə, ortada bukmeker kontorları ilə işbirliyi yoxdu. Sadəcə, futbolçular hansısa məbəğ qarşılığında bu addımı atıblar. Bəs, həmin pulu kim verib? Dəqiq informasiyamız olmadığı üçün ad yazmağımız doğru deyil. Lakin “Neftçi” rəhbərliyinin bu məsələdən qəti xəbəri olmayıb. Onlar bu yolun yolçusu olsaydılar, ötən mövsümü boşa verməz, bu mövsümün startında da məğlubiyyətləri sıralamazdılar. Bəlkə də bu futbolçulardan bəzilərini heyətə götürmək istəyən “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədovdan şübhələnmək olar, lakin əldə fakt yoxdu. Çünki Nizami də müsahibəsində Tərlan bəylə qardaş münasibətlərinin olduğunu açıqlamışdı. Bundan başqa, ardıcıl 3-cü oyunda xal itkisi Əhmədovun xilaskar imicini korlayacaqdı.

İstənilən halda, oyunun hansısa məbləğ qarşılığında verilməsi varsa, həmin vəsaiti təmin edən insanlar da olmalıdı. Onları tapmaq isə artıq müvafiq orqanların işidi. Güman ki, Mirhüseynlə Nizaminin dünən saxlanılması və dindirilməsindən sonra əsas günahkarları da tanıyacağıq. Bildiyimizə görə, söhbət heç də fantastik məbləğdən getmir, 5-10 min dollarlıq söhbətdi. “Keşlə”dən vaxtlı-vaxtında maaşını ala bilməyən futbolçular bu addımı atmaqla özlərinə gün ağlamağa çalışıblar.

Vəziyyət o qədər ciddidi ki, Seyidov kimi arxalı, yuxarı dairələrdə dayaqları olan futbolçunu da qorumaq mümkün olmayıb. Əldə təkzibolunmaz sübutlar olduğu deyilir.

Bu qalmaqal heç də yalnız “Neftçi” ilə oyunla bağlı deyil. “Keşlə”nin ardıcıl 7 məğlubiyyəti təsadüfi deyilmiş və daha bir neçə matçla bağlı şübhələr var. Araşdırma davam edir. Mövzuya qayıdacağıq.../Futbolinfo.az/

***

10:30

Məsələ klub rəhbərliyinin diqqətindədir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında “Keşlə” futbol klubunun mətbuat xidməti Səbuhi Məmmədov klubun futbolçuları Nizami Hacıyev və Mirhüseyn Seyidovun həbs edilməsi ilə bağlı yayılan informasiyaya münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, tam araşdırıldıqdan sonra rəsmi məlumat veriləcək:

“Çalışırıq ki, tez bir zamanda ictimayyəti məlumatlandıraq”.

***

10:46

Azərbaycan Premyer Liqasında çıxış edən "Keşlə" klubunun prezidenti Zaur Axundov həbs haqda məlumatı təsdiqləyib.

O, bildirib ki, Nizami Hacıyev və Mirhüseyn Seyidov danışılmış oyunlarda şübhəli bilindikləri üçün saxlanılıblar. Klub rəhbərinin sözlərinə görə, belə bir tədbir Azərbaycan Respublikası Cinayət Məcəlləsinə edilən dəyişikliklərə uyğun olaraq görülüb: “Hər ikisi hüquq-mühafizə orqanları tərəfindən saxlanılıblar. Hadisə barədə dünən axşam xəbər tutmuşuq. Onların harada saxlanıldıqlarını bilmirik. Əlavə məlumat olan kimi mətbuata bildirəcəyik. Biz tərəfdən hüquq-mühafizə orqanlarına heç bir müraciət olunmayıb. Bu, sırf hüquq-mühafizə orqanlarının tədbridir. Günahları sübuta yetirilsə, cəzalanacaqlar. Günahsız olsalar, futbolçu karyeralarını davam etdirəcəklər. Bu məsələ təsdiqini tapsa, Azərbaycan futbolu üçün böyük ləkə olacaq”.

***

11:33

Keşlə Peşəkar Futbol Klubu Nizami Hacıyev və Mirhüseyn Seyidovla bağlı müqaviləyə xitam verib.

Klubdan Teleqraf.com-a verilən məlumata görə, adı çəkilən futbolçular Topaz Premyer Liqası çərçivəsində keçirilmiş son 5-6 oyununda danışılmış oyunlarda iştirak etdiklərinə dair şübhələrin olmasına görə 4 gün öncə Keşlə PFK rəhbərliyi bu qərarı qəbul edib.

***

Daxili İşlər Nazirliyinin mətbuat katibi, polkovnik Ehsan Zahidov Seyidovla Hacıyevin polis tərəfindən saxlanılmadığını bildirib:

“Bizim araşdırmamıza görə, onların məhz polis tərəfindən saxlanıldığı təsdiqlənmir. Ola bilər ki, futbolçuları prokurorluq saxlayıb. Bəlkə də harasa gəzməyə gediblər. Klubu, məşqçiləri ilə əlaqə saxlamaq lazımdır. Bəlkə onlar nəsə bilirlər”.

Qeyd edək ki, klub prezidenti Zaur Axundov da futbolçuların harada saxlanıldığından xəbərsiz olduğunu söyləyib.


Müəllif: Şəfiqə

Oxşar xəbərlər