"Həmin dövr mənim üçün çətin keçmişdi. Vergi ilə bağlı problemlər var idi. Heç də sıradan məsələ deyildi”.
Bu sözləri “Barselona”nın hücumçusu Lionel Messi Kataloniyada nəşr olunan “Sport” qəzetinə müsahibəsində deyib. Son illərdə İspaniya vergi xidmətinin özünə qarşı iddialarını xatırladan argentinalı futbolçu bunun Madridin sifarişi olduğunu bildirib:
“Həmin vaxt depressiyaya düşmədim. Ancaq mənə, ailəmə, atama, yaxınlarıma qarşı hücumlar... Mənim üçün çox çətin idi. Bütün bunlar paytaxt Madridin işi idi. Hiss olunurdu ki, açıq-aşkar mənə hücum edirlər. Xoşbəxtlikdən Barselonada, Kataloniyada insanlar və yerli jurnalistlər mənə dəstək oldular. Bu, məni bir az sakitləşdirdi.
Düşünürəm ki, bu, sifariş idi. Mənə hücum etmək, zərər yetirmək, həmin vaxt zəif anlarımdan istifadə etmək istəyirdilər. Bütün bunların öhdəsindən gəldim. Çünki sifarişin Madriddən olduğunu başa düşürdüm”.
Qeyd edək ki, son illərdə Messinin adı bir neçə dəfə vergidən yayınmaqda hallanıb. Hətta futbolçu həbs olunmaq təhlükəsi ilə üz-üzə qalıb.
/qol.az/