UEFA ötən mövsüm avrokuboklarda vurulan ən yaxşı qolun müəllifini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, azarkeşlər arasında keçirilən sorğunun nəticələrinə əsasən, “Yuventus”un yeni transferi Kriştiano Ronaldonun “Real”ın heyətində Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda (3:0) akrobatik zərbə ilə hazırkı klubunun qapısından keçirdiyi top ən yaxşı seçilib.
Sorğuda iştirak edən 346 min 915 respondentin 197 min 496-ı portuqaliyalı superulduzun lehinə səs verib.
İkinci yerə “Marsel”in kapitanı Dmitri Payetin Avroliqada “Leyptsiq” klubuna vurduğu qol layiq görülüb. İspaniyanın qadınlardan ibarət millisinin üzvü Eva Navarronun Almaniyaya vurduğu qol isə 3-cü olub.
Qeyd edək ki, 2016-2017 mövsümündə isə “Yuventus”un hücumçusu Mario Mancukiçin Çempionlar Liqasının finalında Madrid “Real”ına vurduğu qol ən yaxşı seçilmişdi.