Dünyaca məşhur “MMA” döyüşçüsü Həbib Nurməhəmmədovun atası dünən baş vermiş döyüşlə bağlı şok açıqlama verib.
Teleqraf.com xəbər verir ki, “İzvesti” agentliyinə müsahibəsində Abdulmanaf Nurməhəmmədov oğlunu döyüşdən sonrakı hərəkətlərinə görə cəzalandıracağını deyib.
Onun sözlərinə görə Həbibi “Qaydasız Döyüş Çempionatı”nın (UFC) tətbiq etdiyi sanksiyalardan daha ağır cəza gözləyir:
“Mən öz sanksiyalarımı tətbiq edəcəm. Daha ağır... Nizam-intizam qorunmalıdır. Qəfəsdə hər şey etmək olar. Lakin ondan kənarda uşaqlar, qadınlar, yaşlılar var. Kənarda hər şey qaydalara uyğun olmalıdır”.
Məşhur idmançının atası qeyd edib ki, Həbib heç zaman tamaşaçılar üçün təhlükə törətməməlidir.
Xatırladaq ki, oktyabrın 7-də Las Veqasda qaydasız döyüş üzrə dünyanın iki ən güclü idmançısı - dağıstanlı Həbib Nurməhəmmədovla irland Konor Makqreqor arasında döyüş keçirilib.
Dünyada milyonlarla insanın izlədiyi döyüşün nəticəsində isə dağıstanlı idmançı rəqibini boğucu fəndə salaraq onu məğlub edib.