"Əvvəldən bilinirdi ki, hər iki komanda gərgin mübarizə aparacaq. Fikrimcə, eyni səviyyədəyik. Hərçənd, turnir cədvəlində fərqli yerlərdəyik. Maraqlı matçın şahidi olduq".
Bunu "Səbailin baş məşqçisi Aftandil Hacıyev səfərdə "Zirə"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun ilk 1/4 final matçından sonra mətbuat konfransında deyib.
Gənc mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb...
- Cavab görüşündən nə gözləyirsiniz...
- Oyunun böyük hissəsini azlıqda keçirsək də, yaxşı mübarizə apardıq. Hətta 10 nəfərlə 2-3 qol imkanımız oldu. Qapıçımız Emil Balayevin penalti qurtarışı bizə ümid verir ki, ikinci oyunda daha gərgin mübarizə olacaq və mərhələ keçmək şanslarımız qalır. Futbolçularımın fiziki hazırlığından çox razıyam. Ancaq nizam-intizamı pozduqlarına, yersiz vərəqələr aldıqlarına görə bəzi futbolçuları cərimələyəcəyik. Eyni futbolçuların hər dəfə vərəqə alması bizi narahat edir. Gərək bu cür hallar daha olmasın.
- Belə başa düşdüm ki, mövsümdə 2-ci dəfə qırmızı vərəqə alan makidoniyalı legioneriniz Tome Kitanosvki ağır cəzalanacaq...
- Çox ciddi cəza olacaq. Həm qırmızı vərəqənin cəriməsi olacaq, həm də əlavə. Kitanosvki artıq ayılmalıdır. Onun bu qədər vərəqə alması təsadüf ola bilməz.
- Ölkə mətbuatında qış fasiləsində postunuzdan gedəcəyinizlə bağlı xəbər yayılıb. Bununla bağlı nə deyə bilərsiniz?
- Bu haqda heç bir şey deyə bilmərəm. Kimsə yazıbsa, bilmirəm hardan yazıb bu məlumatı. Burdayam, işimi davam etdirirəm. Bundan sonra nə baş verəcəksə, onu zaman göstərəcək.