Formula 1 Azərbaycan Qran-Prisinə 50 gün qaldığı ərəfədə Filarmoniya tribunasına olan biletlər tamamilə satılıb.
Teleqraf.com xəbər verir ki, “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim biletlərin böyük hissəsinin satıldığını qeyd edib. Bildirib ki, indiyədək 52 ölkədən bilet alınıb və ümumilikdə biletlərin 70 faizə yaxını satılıb. Satılan biletlərin 78 faizi xarici ölkələrin payına düşür.
“Əvvəlki illərlə müqayisədə bu il Qərbi Avropa ölkələrindən, xüsusən də Böyük Britaniyadan bilet alanların sayında kəskin artım qeydə alınıb.
Həmçinin ötən ilin eyni dövrü ilə müqayisədə biletlərin satış tempində 10 faizlik artım müşahidə olunur. Yaxın günlərdə konsert proqramlarının detalları açıqlandıqdan sonra bilet alışlarının daha da intensivləşəcəyi gözlənilir”, - deyə B.Özərdim əlavə edib.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisinə biletlərin satışı hazırda davam edir. Biletlər yerli sakinlərə orijinal qiymətindən 25 faiz ucuza təklif olunur. Yerli sakinlər kateqoriyasına şəxsiyyət vəsiqəsinə sahib hər bir Azərbaycan vətəndaşı və ölkədə müvəqqəti yaşama icazəsi olan hər bir xarici vətəndaş daxildir.