14 Aprel 21:48

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura yekun vurulub. Teleqraf.com xəbər verir ki, “ASCO Arena”da reallaşan həftəsnin son oyununda “Səbail” klubu çempionluğa iddialı “Neftçi”ni qəbul edib.

Görüş 2:2 hesabı ilə başa çatıb.

Hesabı 50-ci dəqiqədə qonaqlar açıb. “Neftçi”nin heyətində Mirabdulla Abbasov fərqlənib - 0:1. Fasilədən sonra meydan sahiblərinin baş məşqçisi Aftandil Hacıyevin əvəzetməsi uğurlu olub. Fəhmin Muradbəylinin yerinə meydana girən Ədilxan Qarəhmədov 81-ci dəqiqədə bərabərlik topunu vurub - 1:1. Vurulan qoldan 4 dəqiqə sonra isə Ağabala Ramazanov meydan sahiblərini önə çıxardıb - 2:1. Buda oyunda son qol olmayıb. Belə ki, 90-cı dəqiqədə Mamamdu Mboc bərabərlik qolunu vurub - 2:2.

Final fitindən sonra hakimə iradını bildirən “Səbail”in qapıçısı Aleksandr Rıbka qırmızı vərəqə alıb.

Bu heç-heçədən sonra xalını 35-ə çatdıran “Səbail” elə 3-cü pillədə qərarlşıb. Çempionluq yolunda ciddi xal itkisi ilə üzləşən “Neftçi” isə 52 xalla 2-cidir.

Lider “Qarabağ” 54 xala malikdir.

Qeyd edək ki, ilk oyun günündə “Qarabağ” “Sabah”ı 3, “Zirə” isə “Sumqayıt”ı 2 cavabsız qolla məğlub edib. Bu gün keçirilən “Keşlə” – “Qəbələ” görüşündə qonaqlar qələbə qazanıb - 2:1.


Müəllif: Teleqraf.com